" "Şahdəniz 2" regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək"

" "Şahdəniz 2" regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək"

"Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması müasir dövrün tarixi hadisəsi hesab edilə bilər. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanmasının əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, Avropa Birliyi ölkələrində təbii qaza olan tələbat ildən ilə artmaqdadır: "Artıq 2020-ci ilə ona olan tələbat ildə 500 milyard kubmetrə çatacaq. Bu həm artan sənaye potensialının, həm də elektrik enerjisi istehsalının, məişət tələbatının ödənilməsi üçün lazımdır. Azərbaycanın təbii qaz ehtiyatları 3 trilyon kubmetr hesablanır ki, onun da əhəmiyyətli hissəsi Trans Adriatik Borukəməri (TAP) vasitəsi ilə Avropaya yönəldiləcək. İlkin dövrdə boru vasitəsi ilə ildə 10 milyard kubmetr qaz ötürüləcək, sonradan bu rəqəm iki dəfə artırılacaq. "Şahdəniz-2" layihəsinin işə düşməsi nəticəsində Avropanın 12 ölkəsi təbii qazla təmin ediləcək".

O bildirib ki, imzalan sazişə görə "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərində Azərbaycanın payı artacaq: " "Şahdəniz-2" layihəsi üzrə platforma və sualtı qurğuların əksər hissəsi Azərbaycanda inşa olunması nəzərdə tutulur. Bunun üçün Bakı yaxınlığında yerləşən tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanları təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün çoxprofilli bir nadir gəmi inşa ediləcək. Onu da xüsusi vurğulamaq istəyirəm ki, həmin gəminin Bakıda yenicə istifadəyə verilən Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır".

Millət vəkili onu da bildirib ki, layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək: "Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcək. "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. Layihə eyni zamanda Azərbaycanın uzunmüddətli iqtisadi inkişafını təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə