Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Bu gün Bakıda Azərbaycan və İran iş adamlarının iştirakı ilə biznes forum keçirilib. SİA-nın məlumatına görə, forum Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən ASK sədri Məmməd Musayev bildirib ki, Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur: "Azərbaycan tərəfi İranla ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələri genişləndirilməsində maraqlıdır. Bu gün Azərbaycan şirkətləri Qazaxıstan, Rusiya və digər ölkələrə sərmayələr yatırır və bu ölkələrdə böyük işlər görürlər. Artıq son illər Azərbaycan şirkətləri qeyri-neft sahəsinə olduqca böyük həcmdə sərməyə yatırıblar. Ümid edirəm ki, yaxın zamanlarda İran bazarında da Azərbaycan məhsullarını görmək mümkün olacaq".

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə çıxışında deyib ki, bu biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımdan çox önəmlidir.

Səfir qeyd edib ki, İran prezidenti qonşu ölkələrlə iqtisadi və siyasi əlaqələrin daha da genişləndirilməsini vacib sayır.

Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Yəhya Əli-İshaq isə deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 500-600 mln. dollar təşkil edir.

O, qeyd edib kİ, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur: "Hazırda İran 100 mlrd. Dollar həcmində məhsul idxal edir. İranda elm və konsaltinq, tikinti, neft-kimya, qida sənayesi, elektrik avadanlıqları sahəsində xeyli şirkət var ki, onlar da Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır".

Möhsün Pak Ayin Azərbaycan şirkətlərini İranda iş qurmağa dəvət edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Vidadi Quliyev isə çıxışında deyib ki, bu gün Azərbaycanda 390 İran şirkəti fəaliyyət göstərir: "Onların böyük hissəsi bank, sığorta, qida və istehsal sənayesində məşğul olan şirkətlərdir".

V.Quliyev İran şirkətlərini Azərbaycanda yaradılmış iqtisadi əlaqələrdən istifadə edərək, ölkəmizə dəvət edib.

İran Sahibkarlar Assosiasiyaları Konfederasiyasının baş katibi Məhəmməd Ataredian isə bildirib ki, onun rəhbərlik etdiyi qurumda 1 mln.-dan artıq sahibkar cəmləşib. O, qurum barədə ətraflı məlumat verərək deyib ki, Konfederasiya bir neçə beynəlxalq təşkilatın üzvüdür və müxtəlif beynəlxalq qurumlarda təmsil olunur.

İşgüzar görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası və İran Sahibkarlar Assosiasiyaları Konfederasiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan tərəfindən sənədi Məmməd Musayev, İran tərəfindən Y.Əli-İshaq və M.Ataredian imzalayıblar.

Sonda hər iki ölkə haqqında təqdimatlar keçirilib, həmçinin iki ölkənin iş adamları arasında iki tərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə