“Günəşli” yatağında köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi istifadəyə verilib FOTO

“Günəşli” yatağında köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi istifadəyə verilib FOTO

"Günəşli" yatağındakı 4-cü özüldə köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi istifadəyə verilib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Neft Şirkətinin vitse prezidenti Rəhman Qurbanov, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, həmçinin Şirkətin aparıcı mütəxəssislərindən ibarət geniş tərkibli komissiya "Günəşli" yatağındakı 4 saylı dərin dəniz özülünə baş çəkib, bu özüldə köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin istifadəyə verilməsi prosesi ilə tanış olublar.

Qeyd edilib ki, bu tipli yanğınsöndürmə sistemi ARDNŞ-nin strukturlarında ilk dəfə məhz "28 May" Neft və Qazçıxarma İdarəsinin 4 saylı dərin dəniz özülündə quraşdırılıb. Komissiya üzvləri həmçinin, 4 saylı özüldə istismara veriləcək yeni Qazlift kompressor stansiyasının tikinti-quraşdırma işləri ilə maraqlanıblar. Məlumat verilib ki, Qazlift kompressor stansiyasının 3 ədəd lövhəsi dənizə nəql edilərək layihə yerinə quraşdırılıb. 1 ədəd lövhə isə "Qurban Abbasov" kran gəmisinin üzərindədir.

Görülmüş işlərlə tanışlıqdan sonra keçirilmiş müşavirə zamanı "28 May" NQÇİ-nin rəisi Rövşən Qarayev "Günəşli" yatağının işlənməsinin cari vəziyyəti barədə məlumat verib, yatağın işlənilməsinin perespektivləri müzakirə olunub. "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərov "Günəşli" yatagında neft-qaz hasilatının sabit saxlanılması və artırılması istiqamətində həyata keçirilən tədbirlər, mövcud problemlər barədə danışıb, bu istiqamətdə NQÇİ-nin qarşısında duran vəzifələrə toxunub. ARDNŞ-nin vitse-prezidenti Rəhman Qurbanov "Günəşli " yatağının işlənilməsi, həmçinin 4 saylı özüldə istismara veriləcək Qazlift kompressor stansiyasının məhsulunun özüllərarası qazlift şəbəkəsinə effektiv paylanılmasına dair tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə