Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə I Azərbaycan - Səudiyyə Ərəbistanı biznes forumu keçirilib. SİA xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, neft-kimya, tikinti, qida, təhsil, ticarət, İKT, maliyyə və s. sahələri təmsil edən 100-dən çox şirkət iştirak edib. Biznes forumdan əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olub.
Tədbir Azərbaycan haqqında video çarxın nümayiş olunması ilə başlanıb. Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələr müxtəlif sahələrdə uğurla davam etdirilir. Nazirin sözlərinə görə, bu kimi tədbirlər gələcəkdə də davam etdirilməsinin iş adamları arasında biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsinə töhfə verəcək: "Hazırda iki ölkə arasında mehriban dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində əldə edilən razılaşmalar, imzalanan sənədlər əməkdaşlığımızın inkişafını və onun hüquqi bazasının formalaşdırılmasını təmin edir. Hazırda Azərbaycanda ticarət, sənaye, xidmət, bank və sığorta sahəsində 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət fəaliyyət göstərir və bu şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var və bugünkü biznes forum bu imkanların reallaşdırılmasına fürsət yaradacaq".
Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman isə çıxışında bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədə, xüsusilə də investisiya sahəsində imzalanmış sənədlər iş adamları arasında əlaqələrin inkişafı baxımından faydalıdır.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Muhammad Al-Başir ölkəsinin iqtisadiyyatına, "Azersun Holdinq" şirkətinin baş direktoru Savaş Uzan isə şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər. Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB