Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası üçün milli standart hazırlanacaq

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası üçün milli standart hazırlanacaq

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) SİA-ya verilən məlumata görə, müqavilə Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edir.

Müqavilə predmeti olan layihə çərçivəsində institut mütəxəssisləri tərəfindən NQNK-nın inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin NQNK-nın gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.

Layihənin birinci mərhələsinin müddəti 2 il təşkil edir. Ümumilikdə layihənin müddəti 8 ilə yaxındır və layihə çərçivəsində minə qədər beynəlxalq və regional standartlar əsasında milli standartların hazırlanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə