Bu gün Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının birinci iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, qonaqları salamlayan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycan və İraq arasında çox müsbət münasibətlər formalaşıb.
Nazir çıxışı zamanı vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlardan dəstək görüb: "Ölkəmizin iqtisadiyyatı son 10 ildə enerji resurslarının hesabına inkişaf edib. Bununla yanaşı, iqtisadi sahədə 2-ci inkişaf fazası öz işinə başlayıb. Bu da neftdən olan asılılığın azaldılmasıdır. "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyası qəbul edilib. Konsepsiyaya əsasən ölkədə 8-10 il ərzində ÜDM 2 dəfə artıracaq. Bu da təbii ki, qeyri-neft sektorunun hesabına olacaq. Burada əsəs inkişaf stimulları elm, təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələr üzrə olacaq".
Əli Abbasov həmçinin qeyd edib ki, 2 il öncə Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının yaradılması beynəlxalq regional bazarda inkişafı daha da yüksəldəcək: "Gələcəkdə iki ölkə arasında yüksək perspektivlər ola bilər".
İraqın rabitə və əyalət işləri naziri Torhan Müder Həsən Əl Müfti isə çıxışı zamanı bildirib ki, iki ölkə arasındakı əlaqələr 40 ildən çoxdur ki, inkişaf edir: "İraq Azərbaycanda səfirliyə malik olan ən pioner ölkələrdən biri sayılır. Burada inkişaf üçün gözəl baza var. Bunun nəticəsində bugünkü razılıq əldə olunub. Bir çox sahələrdə əlaqələrimiz inkişaf edir. İmzalanan sənədlərdə nəzərdə tutulan məsələlər olduqca vacibdir".
Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanda istər dövlət, istərsə də özəl ali təhsil müəssisələrində İraqdan gələn 174 tələbə təhsil alır: "İraqdan gələn tələbələrin seçdiyi ixtisaslar əsasən neft, energetika, beynəlxalq münasibətlər və tibb ixtisasları üzrədir. Əsas çətinlik isə ölkə diplomunun İraqda tanınmaması məsələsidir. Bununla bağlı müvafiq məsləhətləşmələr aparılır və iki ölkə arasındakı əlaqələrin bu sahədə inkişafı üçün xüsusi müddəalar hazırlanaraq müqaviləyə əlavə edilib".
Qeyd edək ki, iclasda ikitərəfli ticarət və iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı, təhsil və elmi tədqiqatlar, maliyyə, vergi və gömrük sahələrindəki əlaqələr müzakirə olunub. İclasın sonunda isə Birgə Komissiyanın növbəti (2-ci) iclasının yeri və vaxtı müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB