“Benzin bahalaşdısa, ərzaq mallarının da qiyməti qalxacaq” Münasibət
"Benzinin qiymətinin artması gözlənilən idi. 2014-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələyə toxunmuşduq. Gələn ilin dövlət büdcəsində kommunal xidmətlər üçün isə 15 faizə yaxın artım nəzərdə tutulub". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Komitə üzvü bildirib ki, gələn ilin dövlət büdcəsindəki qiymət artımı ilə bağlı iqtisadi inkişaf nazirinin müavini və maliyyə nazirinə müraciət olunmuşdu: "Müraciətimizin cavabında deyildi ki, bu məsələ gündəmdə deyil və məsələyə baxılmır. Lakin büdcənin analizlərinə baxanda gördük ki, büdcənin gəlir hissəsini doldurmaq üçün müəyyən artımlar nəzərdə tutulub. Ona görə də qiymət artımları gözlənilən idi, amma bu səviyyədə yox! Biz yanacağın qiymətinin 27-30 faiz artırılmasını gözləmirdik. Düşünürdük ki, bu artım təxminən 10 faiz ola bilər. Hətta mən də təklif etmişdim ki, qiymət artımı gələn ilin ikinci yarım ilindən olsun. Lakin Tarif Şurası bu ilin sonu üçün qərar verdi və yanacağın qiyməti 27-30 faiz artdı".
Millət vəkili hesab edir ki, mövcud qiymət artımı tək yanacağın qiyməti ilə yekunlaşmayacaq: "Qiymət artımının əsas məsuliyyəti İqtisadi İnkişaf və Sənaye Nazirliyinin üzərinə düşür. Yəni, subyektiv qiymətlərdən sahibkarlar istifadə edib qiymətləri qaldırmamalıdır. Bu sosial gərginliyə gətirib çıxara bilər".
"Bilirsiniz ki, 2013-cü ilin əvvvəlindən başlayaraq Azərbaycanda neftin hasilatı ildə 5-6 faiz aşağı düşür. İndi bu qiymət artımın faizi yüksək olduğu üçün əhalinin sosial vəziyyətinə çox ciddi təsir göstərəcək. İqtisadi İnkişaf və Sənaye Nazirliyinin xüsusu departamenti mövcuddur. Bu məsələyə də həmin qurum nəzarət etməlidir ki, yanacağın qiymətinin artımı digər sahələrdə artıma təsir etməsin. Azərbaycanda elə bir məhsul yoxdur ki, həmin məhsulun tərkibində yanacaq müəyyən maya dəyərində oturmasın. Ona görə də yanacağın qiymətinin artımı ərzaq və qeyri-ərzaq məhsullarının, sərnişin daşıma nəqliyyatında da qiymət artımına səbəb ola bilər" – deyə, Vahid Əhmədov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının dünınki iclasında Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB