“Bakı” və “Atletiko” arasındakı əməkdaşlığa nə qədər pul xərclənib? REPORTAJ
"İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur". Bu sözlər Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur. Bu gün Ulu Öndərin bu fikirləri müstəqil Azərbaycanın hər bir sahəsində özünü əyani şəkildə göstərir. Hazırda ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. Hər il Azərbaycanda onlarla yüksək səviyyədə beynəlxalq yarışlar təşkil olunur ki, bu da bütün dünyanın diqqət mərkəzini, məhz ölkəmizə yönəldir. Bu isə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də mədəni həyatının inkişafında mühüm rol oynayır. Dünya ölkələri Azərbaycanın yüksək səviyyəli inkişafının şahidi olur və nəticədə ölkəmizə böyük investisiya yatırımları reallaşdırırlar. Azərbaycanda idmanın inkişafı ölkə daxilindəki iqtisadi inkişafın artıq ölkə sərhədlərindən də kənara sirayət etməsinə şərait yaradır. Belə ki, artıq Azərbaycanın idman qurumlarına rəhbərlik edən iş adamları bu istiqamət üzrə xidmətlərini xarici ölkələrdə davam etdirirlər. Belə uğurlu yatırımlara imza atan biznesmenlər siyahısında "Bakı" futbol klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov da nəzərə çarpacaq qədər böyük nailiyyətlər qazanıb. İspaniyanın "Atletiko" futbol klubunun formalarının üzərində "Land of fire Azerbaijan" və "Bakı-2015" reklamı bu klubun milyonlarla azarkeşinin və idman ictimaiyyətinin diqqətini Azərbaycana yönəldib. Bundan başqa, "Bakı"nın adıçəkilən klubla yaxından əməkdaşlığı Azərbaycan futbolunun inkişafına təkan verən amillərdəndir.
Digər bir tərəfdən isə Fransanın "Lans" futbol klubu ilə olan əməkdaşlıq da iki ölkə arasında həm idman, həm siyasi, həm də iqtisadi münasibətlərin inkişafını daha da gücləndirir. Bununla bağlı "Bakı" futbol klubunun departament rəhbəri Nəriman Mehdiyevlə söhbət etdik. O bildirdi ki, 2 ildən sonra "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrası yekunlaşacaq.
Klub rəsmisinin sözlərinə görə, bu müddət ərazində qurumun yüksək standartlara cavab verən infrastrukturu qurulub, 500 nəfər uşağın hazırlığı üçün təlim-məşq bazası yaradılıb: "Futbolçuların gələcək inkişafını təmin etmək üçün, onların təcrübə toplaması mütləqdir. Bunun üçün isə futbolçuların aparıcı klublarda təlim-məşq toplantılarında iştirak etmələri vacibdir. Bu səbəbdən klubumuzun prezidenti Hafiz Məmmədovun rəhbərliyi ilə Avropanın uşaq futbolunda böyük təcrübəsi olan, yüksək keyfiyyətli futbolçular hazırlayan klublarla əməkdaşlıq etməyə başladıq. Klub prezidentinin təşəbbüsü ilə İspaniyanın "Atletiko", ardınca Fransanın "Lans" klubları ilə əlaqələr quruldu. Hazırda 5 futbolçumuz "Atletiko" klubunun düşərgəsindədir. Onlar 3 il ərzində orada təhsil alacaq, təlim keçəcəklər".
Nəriman Mehdiyev qeyd etdi ki, "Atletiko" və "Lans" klubları ilə "Bakı" arasında əməkdaşlığa edilən yatırımlar ölkəmizin inkişafına və Azərbaycanın dünyada tanınmasına böyük dəstək verir: "Müəyyən müddət "Atletiko" klubunun üzvləri meydana "Land of fire Azerbaijan" titullu reklamla çıxıblar. İndi isə bu klubun formalarında "Bakı-2015" titullu reklam və dünyada ilk dəfə ölkəmizdə keçiriləcək Avropa oyunlarının loqosu əks olunub. Bunlar bütövlükdə Azərbaycanın təbliği, dövlət siyasətinin tərkib hissəsidir və Azərbaycan-İspaniya, Azərbaycan-Fransa ölkələri arasında münasibətlərin inkişaf etməsi məqsədini daşıyır. Hafiz Məmmədovun "Atletiko"ya ödədiyi 6 milyon avro təkcə reklam müqaviləsi deyil. Azərbaycanın Avropada təmsil olunması üçün bu rəqəm çox cüzidir. Bu əməkdaşlıq nəticəsində Azərbaycan-İspaniya ticarət palatasının yaradılması məsələsi gündəmə gəlib. Bu məsələ üzərində hazırda intensiv işlər gedir. Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları bu istiqamət üzrə fəaliyyət göstərirlər".
Departament rəhbəri əməkdaşlıq üçün niyə, məhz Fransa klubunun seçilməsinə də aydınlıq gətirdi: "Fransada böyük erməni diasporası fəaliyyət göstərir. Ermənilər artıq müəyyən illər ərazində orada yaşayıb, öz təbliğatlarını aparıblar. Biz də çalışmalıyıq ki, bunun qarşılığında Azərbaycanın həqiqətlərini Fransa xalqına çatdıraq. Son 2-3 ay ərzində Fransadan Azərbaycanın informasiya məkanına böyük maraq yaranıb. Gündəlik olaraq Fransadan olan izləyicilərin sayı artır. Onu da qeyd edim ki, "Lans" klubu ilə "Bakı" arasında bağlanan uzunmüddətli müqavilənin maliyyə dəyəri "Lans"ın açıqlayacağı audit-maliyyə hesabatında öz əksini tapacaq. Bu müqavilədəki müddəalarda sosial, iqtisadi və humanitar sahələr əhatə olunub. Müqavilənin əsas şərtlərindən biri də odur ki, Azərbaycanın bayrağı mütləq "Lans"ın "Feliks Bollar" stadionunun ən yüksək nöqtəsində dalğalanacaq".
Nərmin Nəsirli
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB