Elmira Axundova: “Boşanmanın səbəbi erkən nigahlardır”

Elmira Axundova: “Boşanmanın səbəbi erkən nigahlardır”

"13-15 yaşlı qızlar ya ailə təzyiq ilə evlənir, ya da sevdiyi adama qoşulub, evi tərk edir və evlənmək məcburiyyətində qalır. Səbəbi nə olursa, olsun bu evliliklər yanlışdır". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova bildirib.

Onun sözlərinə görə, bəzi rayonlarda qızlar vaxtından tez nigaha girir: "Çox zaman evliliyi bir hünər, uğur və ya sadəcə yetkinlik nümunəsi sayırlar. Bəzən tərəflər evlilikdən sonra qərarları sərbəst verə bilir, amma çox vaxt belə olmur. Onların tam formalaşmaması, dünyaya baxış tərzinin fərqliliyi boşanmalara gətirib çıxarır. Erkən yaşda evləndikləri üçün isə onlar qanuni nikaha girə bilmirlər. Bu isə artıq problemin başlanğıcıdır. Bundan başqa həmin qızların ali təhsili, dünyagörüşü olmur, həmin qızlar öz hüquqlarını bilmirlər. Nə olur olsun 13-15 yaşda fərdlər böyüməni və formalaşmanı heç bir baxımdan tamamlamış olmur. Feminant göstəriciləri görmədən bir başa analığa namizəd olanlar çox qısa zamanda həm psixoloji, həm də fizioloji baxımdan sıradan çıxır və travma alır. Bu qızların dünyaya gətirdiyi uşaq da həyatın və formalaşmanın əsas mərhələsini yaşamamış, valideyni kimi problemli böyüyür və bəlkə də eyni taleyi yaşayır". İkişaf etmiş bir ölkə və cəmiyyət üçün yaxşı həyat şərtlərində yaşayan, xoşbəxt və sağlam uşaqlar böyüdən ailələrə ehtiyac olduğunu deyən millət vəkili bildirib ki, erkən yaşda qurulan ailələr bu gözləntinin reallaşmasındakı əsas maneələrdəndir: "Bu mövzuda həm dövlət siyasətinin, həm medianın, həm səhiyyənin, həm də təhsilin üstünə böyük məsuliyyət düşür".

Elmira Axundova onu da qeyd edib ki, son dövrlərdə boşanmalarının sayı da artıb: "Bu məsələdə maddi çətinliklər də özünü göstərir. Lakin maddi, iqtisadi çətinliklər erkən yaşda qurulan ailələrdə yaranan problemlərin yanında geridə qalır. Bəzən boşanmalar çox vaxt orta təbəqəli ailələrdə baş verir".

Bütün xəbərlər Facebook səhifəmizdə