QKDK mətbuat üçün “Açıq qapı günü” təşkil edib Yenilənib-FOTO

QKDK mətbuat üçün “Açıq qapı günü” təşkil edib Yenilənib-FOTO

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) KİV nümayəndələri üçün növbəti "Açıq qapı günü" təşkil edilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan QKDK-nın aparatının rəhbəri Bəxtiyar Əzizov "Açıq qapı günü"-nün keçirilməsinin ictimaiyyətin və KİV nümayəndələrinin komitənin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib.

B.Əzizov tədbirin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı çərçivəsində şəffaflığın artırılması və mərkəzi icra hakimiyyəti orqanlarının açıq hökumət prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirildiyini qeyd edib.

Daha sonra QKDK-nın Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Fərid Rəhimli təqdimat zamanı struktur bölmənin əsas fəaliyyət istiqamətləri və vəzifələri barəsində ətraflı məlumat verib.

F.Rəhimli qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə lisenziyaların verilməsi, attestasiyanın təşkil olunması, attestasiyadan uğurla keçmiş şəxslərə ixtisas şəhadətnamələrinin verilməsi, habelə peşəkar fəaliyyəti həyata keçirən təşkilatlardan, investisiya fondlarından, lotereya təşkilatlarından hesabatların qəbul edilməsi, təhlili və yerində yoxlamaların həyata keçirilməsi ilə bağlı prosedurlar barədə məlumatları KİV nümayəndələrinin diqqətinə çatdırıb.

Sonda QKDK-nın fəaliyyət istiqamətləri barəsində KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə