Əlil uşaqlarının nəqliyyat və ləvazimat xərcləri dövlət tərəfindən ödənilə bilər

Əlil uşaqlarının nəqliyyat və ləvazimat xərcləri dövlət tərəfindən ödənilə bilər

"Əlil vətəndaşların övladlarının özəl və dövlət universitetlərində ödənişsiz təhsil alması məsələsi gündəmdədir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi əlillərinin və digər əlillərin övladlarının təhsil haqqından azad olunması məsələsi ciddi müzakirə tələb edir: "Əlil övladlarının təhsil haqqından azad olunması məsələsi müzakirə predmeti olmalıdır. Təbii ki, bu insanların sosial-müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Lakin bu güzəştlər tətbiq olunsa, uşaqların daha məsuliyyətlə ali dövlət müəssisələrinə hazırlaşmaları şübhə altına düşə bilər. Belə ki, bu uşaqlar o zaman əmin olacaqlar ki, ən aşağı bal toplasa belə ali təhsil müəssisələrində ödənişsiz təhsil ala biləcəklər. Bir növ bu məsələ arxayınlığa gətirib çıxara bilər. Ona görə də, təklif edərdim ki, əlil uşaqlarının nəqliyyat və ləvazimat xərcləri dövlət tərəfindən ödənilsin. Həmin tələbələr universiteti bitirəndən sonra onlara birbaşa təyinatlar verilib iş yerlərinə yönəldilsin".

Millət vəkili bildirib ki, qaçqın və məcburi köçkünlərin övladları və şəhid ailələrinin uşaqları dövlət universitetlərində ödənişsiz təhsil alırlar: "Son dövrlərdə qanunda dəyişikliklər edilib və bunun əsasında valideyn himayəsindən məhrum olan uşaqlar da dövlət və özəl ali təhsil müəssisələrində pulsuz təhsil alırlar. Bu prosesin həyata keçirilməsi Azərbaycan dövlətinin və Prezidentin aztəminatlı ailələrə diqqətinin nəticəsidir".

Tələbələrin təqaüdlərinin artırılması məsələsinə münasibət bildirən millət vəkili qeyd edib ki, əgər bu təqaüd artırılsa, yəni universitetə ödənişsiz qəbul olunan uşaqlara təqaüd ikiqat verilsə həmin tələbələr daha yaxşı oxuyar və savadlı olar.

Bütün xəbərlər Facebook səhifəmizdə