Havaların soyuq keçməsi və qarşıdan qış mövsümünün gəlməsi əhalinin ənənəvi sosial problemlərini də yenidən gündəmə gətirir. Demək olar ki, hər ilin qış mövsümündə Azərbaycanın müxtəlif bölgələrində elektrik enerjisinin verilməsində və abonentlərin qaz təchizatının təmin edilməsində fasilələr müşahidə olunur. Qarşıdan gələn qış mövsümünün sərtliyini nəzərə alaraq məsələnin ciddiliyi haqqında düşünməyə dəyər.
Paytaxt Bakının qış fəslində elektrik enerjisi ilə tam təmin olunması məsələsinə aydınlıq gətirən "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev SİA-ya açıqlamasında bildirib ki, bu il qış mövsümündə ötən ilkilərdən fərqli olaraq abonentlər elektrik enerjisi ilə tam təchiz olunacaqlar.
Onun sözlərinə əsasən, paytaxt sakinlərinin enerji təchizatında yeganə problemi əhalinin istifadə etdiyi elektrik enerjisi borclarını ödənilməməsi ola bilər: "Yaxın günlərdə abonentlərin debitor borclarının ödənilməsi ilə bağlı "Bakıelektrikşəbəkə"-nin müraciəti əsasında əhalinin 95-98 %-i elektrik enerjisinə olan borcunu ödəyib. Lakin hələ də bəzi abonentlər elektrik enerjisinə olan debitor borclarını ödəməyiblər. Növbəti qış mövsümünün sərt keçməsindən asılı olmayaraq "Bakıelektrikşəbəkə"-nin apardığı yenidən qurma və əsaslı təmir tikinti işləri nəticəsində əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayacaq. Belə ki, Bakı şəhərində keyfiyyətli və etibarlı elektrik enerjisinin verilməsi istiqamətində 61 ədəd 35 kilovatlıq, 23 ədəd 110 kilovatlıq yarımstansiya fəaliyyətə başlayıb. Paytaxtın ətraf kənd qəsəbələrinə verilən elektrik enerjisinin dayanıqlı, izolyasiya olunmuş kabellərlə ötürülməsi üçün 16 kilometrlik kabel xətti çəkilib. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu qış mövsümündə paytaxt sakinləri elektrik enerjisinin verilməsi prosesində çətinliklərlə qarşılaşmayacaq".
"Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə SİA-ya açıqlamasında qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2013/2014-cü illər payız-qış mövsümünə hazırlıq yaz-yay ayılarından başlayıb.
Onun sözlərinə görə, qurumun mütəxəssisləri tərəfindən ötən ilin payız-qış mövsümünün yekunları təhlil olunub, görüləcək işlər müəyyənləşib və buna uyğun olaraq tədbirlər planı hazırlanıb: "Bu plana əsasən həm Bakı şəhərində, həm də bölgələr üzrə rayonlarda mövcud qaz təchizatı şəbəkəsində qaz istismar sahələrinin daxili imkanları hesabına cari ilin 10 ayı ərzində 355 kilometr qaz xətti çəkilib, 1300-dən çox qaz tənzimləyici, 827 siyirtmə quraşdırılıb. Cari ildə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 1190 kilometr qaz xəttində əsaslı təmir işləri aparılıb. Müxtəlif ərazilərdə kiçik diametrli xətlər böyük diametrli xətlərlə əvəzlənib, bəzi küçələrdə qaz təchizatının yaxşılaşdırılması üçün dairəvi əlaqələndirmə tipli işlər görülüb. Qaz təchizatında iştirak edən bütün avadanlıqlara baxış keçirilib, istismara yararsız olan avadanlıqlar yeniləri ilə əvəz olunub. Bütün bunlar payız-qış mövsümündə problemlərin meydana çıxmasının qarşısını alacaq".
Rəsmi onu da qeyd edib ki, əhalinin payız-qış mövsümündə etibarlı qaz təchizatını təmin etmək və abonentlərin maarifləndirilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun əmri ilə noyabrın 1-dən dekabr ayının 1-dək olan müddət "Təbii qazdan təhlükəsiz istifadə aylığı" elan edilib: "Məsələ ilə əlaqədar qurum tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, paytaxt da daxil olmaqla ölkənin bölgələrində qaz istismar sahələrində məsul şəxslərin iştirakı ilə növbətçilik təşkil olunacaq, sahələr gücləndirilmiş iş rejimində çalışacaqlar. Aylıq çərçivəsində abonentlərin qazdan istifadə qaydaları barədə maarifləndirilməsi üçün xüsusi yaddaş bukletləri paylanılacaq. Qəza dispetçer xidmətinə daxil olan çağırışların keyfiyyətli və vaxtında yerinə yetirilməsinə nəzarət gücləndiriləcək, qeyri standart qaz cihazlarının istifadəsinə xitam veriləcək".
Hərhalda müəyyən müddətdə paytaxt və bölgə əhalisinin istilik və elektrik enerjisi ilə təmin olunması sahəsində görülən işlər özünü qış mövsümündə biruzə verəcək. İndi isə abonentlərə, sadəcə qışın sərt üzünü gözləmək qalır.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB