"Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri" adlı yeni kitab nəşr edilib

"Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri" adlı yeni kitab nəşr edilib

SAM "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni kitab nəşr edib. SAM-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin müəlliflərinin Fərhad Məmmədov və Tahirə Allahyarova, elmi redaktor və ön söz müəllifinin siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun olduğu "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni nəşri çapdan çıxıb. Kitabda həmçinin Azərbaycanda qeyd edilən mərkəzlər haqda məlumat ingilis dilində də öz əksini tapıb. Bu nəşrdə Strateji Araşdırmalar Mərkəzinin apardığı və Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud "beyin potensialı"nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri ictimaiyyətə təqdim edilib.

Kitabda beş fəsildə "Araşdırma və Beyin Mərkəzi institutu: yaranması və inkişafının tədqiqi məsələləri", "Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin qiymətləndirmə metodologiyası və meyarları (Qlobal "beyin mərkəzi" reytinqi, Regional səviyyəli, Lokal (milli) səviyyəli reytinqlər); "ABM-lərin fəaliyyətinin dəyərləndirilməsinin meyarları"; "Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri, təsnifatı, statusu və perspektivləri"; "Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzləri vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları"; "Yekunlar . Tövsiyələrinin gələcəyi: mümkün ssenarilər və proqnozlar " kimi aktual mövzular təhlil edilib.

Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinə həsr edilən fəsildə: "Azərbaycanda ABM-lərinin tipologiyası və təsnifatının verilməsinə cəhd edilən, dövlət yönlü, universitetlərin və partiyaların nəzdində fəaliyyət göstərən ABM-lər, Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzləri, ictimai-siyasi, sosial-iqtisadi sahədə fəaliyyət göstərən mərkəzlər, regional prosesləri təhlil edən, təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən və nəhayət ekoloji sahədə fəaliyyət göstərən ABM-ləri haqda araşdırmanın nəticələri haqda məlumat verilib.

Kitabın əsas məqsədi, ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi tələbata cavab olaraq bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını təmin etməyə xidmət etməkdir.

Qeyd edək ki, kitab bəhs edilən auditoriya, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə