Şmallenberq xəstəliyinin qeydə alındığı rayonların sayı 12-yə enib

Şmallenberq xəstəliyinin qeydə alındığı rayonların sayı 12-yə enib

İribuynuzlu heyvanlar arasında aparılan müalicə tədbirləri sayəsində bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqdadır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda 127 baş heyvanda simptomatik müalicə tədbirləri aparılır.

Qeyd edək ki, bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər.

Xəstəliyin yayıma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınan rayonların sayı 42-dən 12-yə enib. Hazırda havaların sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin zəifləməsinə gətirib çıxarıb.

Xəstəlik başlayandan indiyədək 158 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilən heyvanların 0,06 %-i təşkil edir. Tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir.

Məlumat üçün bildirək ki, xəstəlik başlayandan indiyədək 213 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş verən təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilib, ərazi dezinfeksiya olunub.

Qeyd edək ki, xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə