Macarıstanın turizm təmsilçiləri Azərbaycana gələcəklər

Macarıstanın turizm təmsilçiləri Azərbaycana gələcəklər

Oktyabrın 1-dən 6-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Ata Travel" turizm şirkətinin təşkilatçılığı ilə Macarıstan Turizm İdarəsinin və turizm şirkətlərinin nümayəndələri, eləcə də media mənsublarından ibarət 15 nəfərlik heyət Bakıda olacaq. SİA-ya verilən məlumata görə, "Ata Travel" MMC-nin baş direktoru Vüsal Əliyev info turla bağlı bildirib ki, macar turistlərinin Azərbaycanın turizm potensialı ilə tanış olması çox əhəmiyyətlidir. Səfər müddətində qonaqların müxtəlif tarixi məkanlar, Qəbələ və Naftalan, eləcə də muzey və digər mədəniyyət obyektləri ilə yaxından tanışlığı nəzərdə tutulub.

Son vaxtlar Azərbaycan vətəndaşlarının da Macarıstana turist səfərlərinə maraq göstərməsindən danışan Vüsal Əliyev bildirib ki, "AtaTravel" MMC cari ildən bu ölkəni yeni bir istiqamət kimi seçib: "Yay mövsümünün əvvəlində Budapeşt-Bakı-Budapeşt birbaşa hava reysi açılıb. Bu istiqamətə aviabiletlərin qiyməti də olduqca münasibdir. Birbaşa hava reysləri "AtaTravel" şirkətinin də müvafiq istiqamətdə fəaliyyətinə stimul verib. Təsadüfi deyildir ki, iyunun 29-dan iyulun 5-dək Macarıstana tanışlıq turu təşkil olunub. Tur iştirakçıları Macarıstanın bir sıra yerlərini, o cümlədən paytaxt Budapeşti, Peç şəhərini gəzmiş, müalicəvi suyu ilə məşhur Heviz gölünün, Avropanın ən iri qapalı su hövzəsi sayılan Balaton gölünün sahillərində olublar. Tanışlıq turunun iştirakçıları Budapeştdən avtobusla birgünlük qonşu Avstriyaya - Vyana şəhərinə də gediblər".
"AtaTravel" MMC-nin baş direktoru həmçinin diqqətə çatdırıb ki, Macarıstana turlar 3, 6 və 10 günlük təşkil edilir. Üç günlük turlar adətən həftənin sonuna - şənbə, bazar və bazar ertəsi günlərinə təsadüf edir. Bu turlarda iki nəfər üçün qiymət 450-500 manatdır. Bu qiymət paketinə aviabilet, transfer, oteldə qalmaq, səhər yeməyi daxildir.

Şirkət rəhbəri qeyd edib ki, Macarıstanın əsrarəngiz təbii gözəlliyi qədim tarixi və zəngin mədəniyyəti vardır. Həmçinin ölkənin bazarlarındakı ucuzluq da turistləri cəlb edir. Bu ilin iyun ayından indiyədək "AtaTravel" MMC vasitəsilə Macarıstana təxminən 300 nəfər səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə