Bu gün Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyevlə Əfqanıstan İslam Respublikasının təbii sərvətlər və neft naziri Vahidulla Şəhrani arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Natiq Əliyev Azərbaycanın energetika və neft-qaz sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. Bildirilib ki, son 10- ildə ölkə Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Sənaye və Energetika Nazirliyinin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev nazirliyin strukturu, enerji sektorunun perspektivləri, inkişafı və fəaliyyəti barədə, Azərbaycanın enerji siyasətinin orientirləri, həyata keçirilən dövlət proqramları və layihələrlə bağlı qonaqlara geniş məlumat verib. O bildirib ki, Azərbaycanla 48 ölkə arasında birgə əməkdaşlıq üzrə komissiya yaradılıb, beynəlxalq layihələr çərçivəsində bir sıra ölkələrlə əməkdaşlıq əlaqələri qurulub: "Azərbaycanda 50-dən artıq dövlət proqramı təsdiq olunub ki, bu proqramların hər birində Sənaye və Energetika Nazirliyi öhtəsinə düşən vəzifəni uğurla yerinə yetirib. Hazırda ölkəmizdən 7 neft və qaz kəməri vasiləsilə yanacaq məhsulları ixrac olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün TANAP, NABUKO, TAP, AGRİ və Trans-Xəzər qaz kəməri kimi layihələrdə iştirak edir. Bu günədək Azərbaycan Dövlət Neft Şirkətinin 11 ölkədə nümayəndəliyi açılıb, Azərbaycanda 22 elektrik stansiyası fəaliyyət göstərir və ölkəmiz elektrik enerjisi ixrac etmək gücündə olan bir dövlətə çevrilib. Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın iqlim şəraiti həm günəş, həm külək, həm də çayların suyunun enerjisindən istifadəsinə imkan verir. Bərpa olunan enerji sahəsində artıq 14 kiçik su elektrik stansiyası tikilir, 3 külək stansiyası istifadəyə verilib. Bu nailiyyətlər üçün 128 mlrd. dollara yaxın sərmayə yatırılıb".
Vahidulla Şəhrani keçirilən görüşlə bağlı azərbaycanlı həmkarına təşəkkürünü bildirib. İki ölkə aradsında davam edən sıx əlaqələr barədə məlumat verib. V. Şəhranı Azərbaycanın neft emalı təcrübəsini təqdir etdiyini və bu təcrübənin Əfqanıstanla bölüşülməsi arzusunda olduğunu bildirib. Görüşün davamında Azərbaycanın energetika sahəsinin artarış və kəşfiyyat işlərində əldə etdiyi təcrübəni nəzərə alaraq işçi qrupunun təşkil olunması və bu qrupun Əfqanıstanın xammal bazasının yaradılması sahəsində təcrübəsindən istifadə olunması ilə əlaqədar söhbət aparılıb.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan əfqanıstanlı nazir Vahidulla Şəhrani bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyub. Daha sonra nazir Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB