Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlandı

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir ət kəsimi müəssisəsinin yaradılması və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə