Bu gün Bakıda "*.az" ölkə kodlu yüksək səviyyəli domen adının istifadəyə verilməsinin 20 illik yubileyi münasibəti ilə beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə ICANN-ın (Internet Corporation for Assigned Names and Numbers), Rusiya və Ukrayna milli domen inzibatçılarının rəhbərləri və nümayəndələri, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Elektron Təhlükəsizlik Mərkəzi, həmçinin yerli və əcnəbi İKT ekspertləri iştirak edirlər. İlk olaraq çıxış edən Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov bildirib ki, " Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlət olub. Ötən dövr ərzində Azərbaycanın "*.az" milli domeninin inzibatçısı "Intrans" şirkəti 5 yerli və 7 xarici qeydiyyatçı şirkətlə əməkdaşlıq əlaqələri qurub. Eyni zamanda şirkət, domen adlarının beynəlmiləlləşdirilməsi üzrə çoxdilli sistemin həyata keçirilməsi (IDN) "whois" vahid milli servis sisteminin yaradılması, qeydiyyat qiymətinin və texniki dəstəyin beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanı dünya təhlükəsiz internet sisteminin bir hissəsi edən "L-root DNS" özək serverinin Azərbaycanda işə salınması, domenlərin qeydiyyatı üzrə avtomatlaşdırılmış sistemin hazırlanması layihələrinin həyata keçirilməsinə nail olub. Bu müddət ərizndə ".az" domen zonasında 20 min domen qeydiyyatdan keçib, onların 39%-i (7 760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb. Son 10 il ərzində milli domenlərin sayı 5 dəfəyədək artıb, 2009-cu ildən etibarən isə domen sayının intensiv artımı müşahidə olunur". Qeyd edək ki, "İntrans" şirkəti milli "*.az" domen zonasında inzibatçı fəaliyyətinə 1993-cü il avqustun 25-dən etibarən başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB