Yeni rektor kollektivə təqdim edilib

Yeni rektor kollektivə təqdim edilib

Azərbaycan Dövlət Aqrar Universitetində təqdimat mərasimi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov ölkə prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edilmiş İbrahim Cəfərovu kollektivə təqdim edib.

Nazir kollektivi salamlayaraq, ölkə Prezidenti tərəfindən böyük etimad göstərilərək müvafiq Sərəncamla İbrahim Cəfərovun rektor təyin edilməsi ilə əlaqədar ona bu şərəfli vəzifənin yerinə yetirilməsində uğurlar arzulayıb və bu etimadın doğruldulmasında əminliyini bildirib.

Nazir İsmət Abasov ölkə Prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı sahəsində əldə olunmuş nailiyyətlər, uğurlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Nazir Aqrar Universitetin tarixində yeni səhifə açıldığını və universitetin ölkəmiz üçün önəmli bir təhsil ocağı olduğunu bildirib, ölkə rəhbərliyi tərəfindən ərzaq təhlükəsizliyi proqramının icrasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bu qocaman təhsil ocağının üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırıb. Ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsində yüksək ixtisaslı kadr hazırlanmasının vacibliyini vurğulayıb.

Nazir İsmət Abasov aqrar kadrların hazırlanmasında Avropa universitetləri ilə beynəlxalq əlaqələrin genişlənməsinin vacibliyini diqqətə çatdırıb və yüksək ixtisaslı kadrların hazırlanması üçün tapşırıq və tövsiyələrini verib.

Çıxış edən professor və müəllim heyəti bu təyinata görə prezident İlham Əliyevə öz minətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsində səylərini daha da gücləndirəcək və qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə yekdillikcə səs verəcəklərini vurğulayıblar.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev də çıxış edib.

Yekunda nazir İsmət Abasov cənab Prezident tərəfindən göstərilən bu etimadın yüksək səviyyədə həyata keçiriləcəyini, peşəkar ixtisaslı aqrar sahə kadrlarının hazırlanmasında, ərzaq təhlükəsizliyi proqramının icrasında bu təhsil müəssisəsin də öz töhvələrini verəcəyinə əmin olduğunu söyləyərək kollektivə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə