Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitriy Kumsishvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən nazir bildirib ki, hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycanla Gürcüstan arasında 2011-ci ildə Tbilisidə iclas keçirildiyini və müvafiq olaraq iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VII birgə iclas protokolu imzalandığını qonaqların diqqətinə çatdıran Əli Abbasovun sözlərinə görə, həmin protokolda bir sıra vacib məsələlər öz əksini tapıb: " "Transmilli Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) təşkili üzrə hazırlıq işləri davam etdirilir. Gürcüstanla sərhəddə "Sınıq körpü" ərazisindəki buraxılış məntəqəsi yaxınlığındakı yerüstü beynəlxalq poçt mübadiləsi təşkil edilib".
Nazir həmçinin qeyd edib ki, Gürcüstan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, cari ilin noyabr ayında hər iki tərəfin mütəxəssislərinin iştirakı ilə sərhədyanı ərazilərdə radiomonitorinq işlərinin aparılması, TV və FM radio, CDMA mobil rabitə siqnallarının tənzimlənməsinə dair Bakıda ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Görüşün davamında çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitriy Kumsishvili bildirib ki, hər iki ölkə arasında iqtisadi sahədə əlaqələr gücləndirilir və bundan sonra da bu proses davamlı şəkildə inkişaf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB