Yeni qaz kəmərləri çəkilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir. ARDNŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkə üzrə 5049,9 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 938,6 kilometr uzunluğunda kəmərlərdə isə əsaslı təmir işləri aparılıb.

Ümumilikdə, İstehsalat Birliyinin fəaliyyət göstədiyi 2009-2013-cü illər ərzində 21207,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 20108,7 kilometri regionların, 916,2 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb. Həmin dövrdə ümumilikdə 6892,5 kilometr uzunluğunda qaz kəmərində təmir işləri aparılıb. Təmir işlərinin 3899,6 kilometri Bakı şəhərində, 2851,3 kilometri regionlarda, qalan 141,6 kilometri isə magistral qaz kəmərlərində görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə