Azərbaycanda 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir

Azərbaycanda 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir

İndiyədək İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 15 müasir heyvandarlıq kompleksinin yaradılmasına 57,2 mln. manat məbləğində güzəştli kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir: " Güzəştli kreditlərin verilməsi ilə yanaşı, dövlət tərəfindən sahibkarlara "Aqrolizinq" ASC vasitəsilə cins heyvanların güzəştli şərtlərlə verilməsində böyük dəstək göstərilir. Artıq digər Avropa ölkələri ilə yanaşı, Fransadan da damazlıq cins heyvanların gətirilməsinə başlanıb. İlkin olaraq gətirilmiş 160 baş damazlıq heyvanların 100 başı Biləsuvar rayonunda yerləşən heyvandarlıq kompleksinə və 60 başı isə Bərdə rayonunda yerləşən dövlətin güzəştli kreditləri hesabına yaradılmış heyvandarlıq kompleksinə verilib".

Məlumatda bildirilib ki, ilin sonunadək daha 500 baş damazlıq cins heyvan gətiriləcək: " Bu damazlıq heyvanlardan alınan danalar gündəlik çəkisini 1,4-1,7 kq-dək artırmaqla və keyfiyyətli ət göstəriciləri ilə seçilirlər. Müasir heyvandarlıq komplekslərinin yaradılması və cins damazlıq heyvanlarla təminatına dövlət dəstəyi tədbirləri gələcəkdə də davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə