Yeni qaz infrastrukturu Xəzər dənizini birbaşa Avropa ilə əlaqələndirəcək
Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb. İllik 16 milyard kubmetr qaz ehtiyatını hasil etmək üçün "Şahdəniz II" qaz yatağı konsorsiumu qazın Türkiyə sərhədindən Yunanıstan və Albaniyadan İtaliyaya çatdırılması üçün Trans-Adriatik boru kəmərini (TAP) seçib. Türkiyədə tikilməkdə olan TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək.
Aİ Komissiyasının prezidenti Joze Manuel Barrozu deyib: "Cənub qaz dəhlizinin Avropa marşrutu olaraq TAP-ın seçilməsi ilə bağlı "Şahdəniz II" konsorsiumunun qərarını alqışlayıram. Bu, Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək Cənub qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir".
Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger isə bildirib: "Qazın yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılmağı sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürmüşdür. Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm".
2009-cu ildə baş vermiş qaz böhranından sonra Aİ öz qaz təchizatını diversifikasiya etməyə çalışır. Strategiyalardan biri Aİ-nin qaz bazarını dünyanın ən geniş qaz depoziti olan Xəzər dənizi hövzəsi və Yaxın Şərqlə birbaşa və fiziki baxımdan birləşdirmək üçün "Cənub qaz dəhlizini" açmaq olub.
Avropa İttifaqı həm də gələcəkdə əlavə qaz həcmlərinin daşınması üçün miqyası genişlənə bilən yeni boru kəmərinin Aİ-dən kənarda tikilməsində, eləcə də Avropaya qazın nəqli üçün aydın və şəffaf hüquqi bazanın mövcud olmasında təkid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB