Beynəlxalq Sığorta Forumunun açılış mərasimi keçirilib

Beynəlxalq Sığorta Forumunun açılış mərasimi keçirilib

20-21 iyun tarixlərində Azərbaycan Beynəlxalq Sığorta Forumunun açılış mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikası maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov, həmçinin 20-dən çox ölkənin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən artıq yüksək struktur nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

İlk öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov açılış nitqi ilə tədbiri açıq elan edib. Sonra maliyyə naziri Samir Şərifov, millət vəkili Ziyad Səmədzadə Forum barədə öz fikirlərini bölüşüblər.

Forumda Böyük Britaniya, Fransa, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Gürcüstanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertlər iştirak ediblər. Həmçinin bu ölkələrin milli sığorta ittifaqlarının və Dünya Bankının təmsilçiləri, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri ekspert qismində iştirak edərək, "Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri", "Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri", "Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları", "Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri" və "Avtomobil sığortası" mövzularında müzakirələr aparacaqlar.

2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.

Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Qeyd edək ki, IV Azərbaycan Beynəlxalq Forumu Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Maliyyə Nazirliyinin dəstəyi, "AtaSığorta" və bir sıra sığorta şirkətlərinin sponsorluğu ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə