Neft yataqlarının rəqəmsal kəşfinə tam keçidin perspektivləri müzakirə edilib
Vyanada neft yataqlarının rəqəmsal kəşf edilməsi üzrə Avropa Sammiti keçirilib.
ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin və Petrolinkin baş sponsorluğu ilə keçirilmiş sammitdə Shell International, Total E&P, Baker Hughes, Petrolink, Emerson və digər şirkətlərin aparıcı texnoloqları, İT üzrə mütəxəssisləri, geoloqları, direktorları və menecerləri iştirak ediblər.
Nümayəndəlikdən bildiriblər ki, sammitdə neft yataqlarının rəqəmsal kəşfinə tam keçidin perspektivləri haqda fikir mübadiləsi aparılıb, ən son İT texnologiyalarının neftçıxarmada rolu haqda yeni mülahizələr irəli sürülüb. Sammitdə Azərbaycanı ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov təmsil edib.
Sammit myr:conn solutions şirkətinin idarə ortağı Mixael Ştundner tərəfindən açıq elan edilib. M.Ştundner sammitə olan böyük marağa görə məmnunluğunu ifadə edib, göstərdikləri dəstəyə görə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinə və Petrolink şirkətinin icraçı vitse-prezidenti Nik Beykerə təşəkkürünü bildirib. O, neft sənayesində və neft yataqlarında ən müasir rəqəmsal texnologiyaların yaxın gələcəkdə geniş tətbiqinin qaçılmaz olduğunu vurğulayıb və hər iki baş sponsora bu sahənin inkişafına verdikləri töhfəyə görə dərin minnətdarlığını bildirib. ARDNŞ tərəfindən yüksək texnologiyaların istifadə edilməsinə böyük önəm verilməsi, artıq bu işə başlanılması və hətta "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin yaradılması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbir çərçivəsində çıxış edən və neft-qaz sahəsində 35 illik təcrübəsi olan Total E&P-nin dəniz yatağı idarəsinin rəhbəri Filip Nayt neft yataqlarının rəqəmsallaşdırılmasının və İT sahəsində nümayiş etdirilən ən son texnologiyaların yaxın gələcəkdə həyata keçiriləcəyi təqdirdə geoloqların işinin daha səmərəli olacağını, eyni zamanda işin miqdarının nəzərə çarpacaq qədər azalacağını qeyd edib.
Tədbir iştirakçılarından olan Emerson şirkətinin direktoru Otdar Vikinqstad çıxışı zamanı neft yataqlarında rəqəmsal texnologiyaların tətbiqi nəticəsində bu sahəyə dair hətta çox məhdud bilgisi olan əməkdaşların yüksək nəticələr göstərə biləcəklərini əsaslandırıb.
Baker Huges şirkətinin mütəxəssisi Rikardo Ferrero öz çıxışında rəqəmsallaşmanın mövcud istehsalı ən az 3 faiz, ən çox 15 faiz artıra biləcəyini vurğulayıb, qiymətinin isə hər şirkətin gəlirinin təxminən 1,4 faizi ətrafında ola biləcəyini qeyd edib.
Petrolink şirkətinin icraçı vitse-prezidenti Nik Beyker tədbirin məhz Vyanada keçirildiyindən məmnunluğunu bildirib.
Tədbir iştirakçılara ARDNŞ-in Avstriyadakı Nümayəndəliyi tərəfindən hazırlanmış bukletlər paylanıb.
Geniş müzakirələrə meydan olan sammitin nəticələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. İki gün ərzində haqqında danışılan ən son texnologiyaların tətbiqinin həcmi onlarla terabayt və petrobaytlarla ölçülən informasiyaların saxlanılmasında və işlənilməsində əvəzsiz rol oynayacağı, ümumiyyətlə neft-qaz sənayesində yüksək texnologiyaların əhəmiyyətinin daha da artacağı xüsusilə vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB