MTK-ın müəyyənləşdirdiyi komunal tariflər nəyə əsaslanır? Araşdırma

MTK-ın müəyyənləşdirdiyi komunal tariflər nəyə əsaslanır? Araşdırma

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olan reformalar özünü sosial sferada da göstərdi. Sosial sahədə baş verən yenilik daha çox ölkənin mənzil fondunda da hiss olundu. Belə ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanın bir sıra böyük şəhərlərində Mənzil Tikinti Kooperativləri fəaliyyətə başladı. MTK-lərin fəaliyyəti paytaxtda tikinti bumunun inkişafı nəticələndi. Bu gün paytaxtda və bir sıra böyük şəhərlərdə gözəl və müasir binalar mövcuddur. Lakin bu yeniliyin müsbət tərəfi ilə yanaşı vətəndaşları narazı salan mənfi yönləri də oldu. İnsanların narazılığına yol açan səbəb isə yeni binalarda müəyyən edilən kommunal xərclərdir. Müqayisə üçün qeyd edək ki, təkrar bazardakı mənzillərin kommunal xərcləri ilə yeni binalardakı tariflər arasında böyük fərq var. Məsələn, köhnə binalarda, yaxud evlərdə yaşayan hər hansı vətəndaş bir aya kommunal borclara görə, 20-80 manat arasında pul xərcləyirsə, yeni binada yaşayan sakinin xərclədiyi məbləğ 150-300 manat arasındadır.

Qeyd edək ki, MTK-in müəyyənləşdirdiyi tarif planı rəsmi olaraq nazirlər kabineti və hər hansı ali dövlət qurum tərəfindən təsdiq edilməyib. Məsələni ekspertlə də aydınlaşdırmağa çalışdıq. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi ki, MDB məkanında komunal sahənin reforması ciddi şəkildə həyata keçirilməyib: "Bu baxımdan çox saylı problemlər var. Baxmayaraq ki mənzil məcəlləsi qəbul olunub, amma orada elə mexanizmlər var ki, onlar icra olunmur".

Sahib Məmmədov qeyd edib ki, hökumət kommunal xərclərlə bağlı tarif cədvəli müəyyənləşdirsə də, müəyyən mənada məsələnin həllini bazarının öhdəsinə buraxıb. Onun sözlərinə görə, MTK-lar hökumətin tətbiq etdiyi sərbəst bazar iqtisadiyyatından sui-istifadə edir: "Vətəndaşlar həmin MTK-dan mənzil alan kommunal xərclərlə tanış edilmir. Daha sonra isə mənzil sahibi olan vətəndaşların qarşısına onların gözləmədikləri məbləğ qoyulur. Bu da vətəndaşların bəzilərinin cibinə uyğun deyil, yaxud kommunal xərclər orada yaşayan insanların gəlirləri ilə uyğunlaşmır. Təbii olaraq, bu məsələ insanlar arasında narazılıqlar doğurur".

Sahib Məmmədov bu cür anlaşılmazlığın aradan qaldırılması üçün hökumətin müəyyən tədbirlər görməsinə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, tarif şurası vahid tarif planı müəyyən etməli, differensial qiymətlər müəyyənləşdirməlidir. Bundan başqa şəhərin hansı yerində yerləşməsi, abadlığı və infrastrukturu nəzərə alınaraq qiymətlər tətbiq olunmalıdır. Sahib Məmmədovun fikrincə, tənzimləmə vahid sovet standartları kimi olmamalıdır: "MTK vətəndaşa VİP mənzil sahəsi verirsə, əlavə xidmətləri varsa, onda bura vahid tarif planı uyğun gəlməyəcək. Çünki vətəndaş şəraiti yüksək səviyyədə olmayan MTK-ya ödədiyi məbləği, VİP şəraitə malik yaşayış binasına da ödəyəcək, nəticədə sahibkarın hüququ pozulmuş olacaq. Ona görə, müvəqqəti differensial tarif həyata keçirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə