Bu gün Bakıda "Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı" mövzusunda Bakı Gələcək Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, Forumda Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova, Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov, Prezident administrasiyanın Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər iştirak edib.
Forumun açılışında ilk olaraq çıxış edən Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasıdır: "Forumun müsbət nəticələri davamlı inkişafa şərait yaradacaq və konkret nəticələrə gətirib çıxaracaq. Əsas vəzifələrdən biri elm adamları, QHT-lər, biznes mühit arasında əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycan istedadlar ölkəsidir. Forum uzunmüddətli əlaqələrin güclənməsinə öz töhvəsini verəcək".
Daha sonra Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Forumdakı çıxışında bildirib ki, Azərbaycan son illərdə karbohidrogen ehtiyatları sayəsində öz iqtisadiyyatını xeyli inkişaf etdirib: "Azərbaycan öz neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkədir və onun əldə etdiyi nailiyyətlər barədə bütün dünya məlumatlıdır. Hazırda Azərbaycanın əsas məqsədi neftdən sonrakı inkişafın təməlini qoymaq, gələcək inkişafı təmin edəcək neftsiz iqtisadiyyatı irəliyə aparmaqdır. Bununla bağlı özəl, aqrar sektorlara geniş imkanlar yaradılır. Hədəfdə qeyri-neft sektorunun 2 dəfə, İKT sektorunun 4 dəfə genişləndirilməsidir. Hazırda Azərbaycanın İKT-dən illik gəliri 2 mlrd manat təşkil edir ki, 2020-ci ildə bunun həcminin 8,5- 9 milyard manata çatdırılması planlaşdırılır".
Daha sonra çıxış edən Prezident administrasiyanın Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, son illərdə Azərbaycan mühüm tədbirlərin arenasına çevrilib: "Azərbaycan unikal yerlərdən biridir. Müxtəlif mədəniyyətlər, dinlər, sivilizasiyalar Şərqlə Qərbin kəsişdiyi yerdə birgə yaşayırlar. Azərbaycan həm müsəlman, həm də Avropa təşkilatlarının üzvü olaraq hər iki sivilizasiyanın ənənələrini qəbul edib. Azərbaycanda bir çox nəsillər tolerantlıq və dostluq ruhunda böyüyüblər. Tolerantlıq bizim üçün həyat tərzidir. Burada şahidi ola bilərsiniz ki, məscidlər, kilsələr, senaqoqlar heç maneə olmadan fəaliyyət göstərə bilərlər".
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirib ki, Azərbaycan artıq dünyada sürətlə inkişaf edən ölkələrin siyahısına qoşulub: "Ölkənin inkişafı müstəqillik illəri ərzində dəfələrlə inkişaf edib". Rəhbərlik etdiyi qurumun ötən illər ərzində əldə etdiyi uğurlardan danışan Bağırov deyib ki, ETSN əsas uğuru meşə qırılmasının qarşısının alması olub.
Qeyd edək ki, tədbirdə ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili və digər xarici ölkələrdən olan mütəxəssislər öz ölkələrini təmsil ediblər. Forumda təqdim edilən yeni texnologiyalardan biri Azərbaycanda ilk dəfə nümayiş etdirilən Holoqrafik Prezentasiyadır. Forum çərçivəsində həmçinin, 3D Printer də sərgilənib ki, bu da Azərbaycanda bu gün üçün printer texnologiyası baxımından yenilikdir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB