Azərbaycanda çoxuşaqlı ailələrə mənzillər veriləcək? AÇIQLAMA

Azərbaycanda çoxuşaqlı ailələrə mənzillər veriləcək? AÇIQLAMA

"Çoxuşaqlı ailələrini sosial şəraitinin yaxşılaşdırılması üçün xüsusi qanun layihəsi hazırlanır. Qanun layihəsi Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə təqdim olunub. Hazırda qanun layihəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin xüsusi komissiyası tərəfindən baxılır". Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyevin SİA-ya verdiyi açıqlamaya görə, qanun layihəsində çoxuşaqlı ailələrin mənzil probleminin və məşğulluq məsələlərin həlli nəzərdə tutulub. Millət vəkilinin sözlərinə görə, mənzil problemlərinin həlli üçün bir neçə istiqamətdə tədbirlər planlaşdırılıb: "Birinci növbədə çoxuşaqlı ailələrə güzəştli şərtlərlə uzunmüddətli sosial ipotekaların verilməsi nəzərdə tutulur. İkinci növbədə kənd yerlərində yaşayan çoxuşaqlı ailələrə ev tikmək üçün torpaq yerinin ayrılması və ssudaların verilməsi planlaşdırılır. Bundan başqa həmin ailələrin kredit almaq imkanı yoxdursa, onlara sosial kirayə mənzillərinin verilməsi nəzərdə tutulur".

Qeyd edək ki, sosial kirayə mənzilləri dövlət tərəfindən tikilir. Bu mənzillər vətəndaşa daimi verilmir. Vətəndaşlar mənzil problemlərini həll edənə kimi burada müvəqqəti yaşayır. Həmin mənzilin kirayə haqqı dövlət tərəfindən ödənir.

Bundan başqa yeni qanun layihəsində "Qəhrəman Ana" statusu da nəzərdə tutulub.

Məsələyə subyektiv yanaşan Musa Quliyev qeyd etdi ki, "Qəhrəman Ana" statusunun bərpa olunmasının tərəfdarı deyil. Onun sözlərinə görə, ümumillikdə analığın mahiyyəti qəhrəmanlıqdır: " "Qəhrəman Ana" statusu 1944-cü ildə ikinci dünya müharibəsində çoxlu sayda itki vermiş Sovet imperiyası tərəfindən qəbul olunmuş qanun idi. Məqsəd ölkə əhalisinin sayının artırılması olub. Keçmiş Sovet hakimiyyəti dövründə çoxlu övladı olan analara bu status verilirdi. Eyni zamanda onlar medallar, mənzil və torpaq sahəsi ilə təmin edilirdi. Bu gün Azərbaycanda bunu xüsusi status halına salmağa ehtiyac yoxdur, çünki ölkədə əhalinin artımında heç bir problem yoxdur. Haqqında bəhs olunan qanun layihəsi Milli Məclisin müzakirəsinə gəlməyib. Layihənin yaxın zamanlar müzakirəyə göndəriləcəyi gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə