Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunub. Onun sözlərinə görə, qlobal maliyyə böhranına baxmayaraq Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını uğurla yerinə yetirib: "Büdcənin icrası ölkənin iqtisadi həyatının ahəngdarlığından xəbər verir".
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2012-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin saxlanılması, əhalinin pul gəlirlərinin artması, dövlətin iqtisadi qüdrətinin artmasına şərait yaradıb. O qeyd edib ki, əhalinin gəlirlərinin artım sürəti inflasiyanı bir neçə dəfə üstələyib: "Ölkənin valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artaraq 46,5 milyard ABŞ dolları təşkil edib. 2012-ci ildə icmal büdcənin gəlirləri 102,3 faiz, xərcləri 96 faiz çox olub. 2,3 milyard büdcənin profisiti olub ki, bu da proqnozlaşdırılandan 2,4 dəfə çoxdur".
Nazir həmçinin qeyd edib ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsinin məxaric hissəsinin 27,2%-i və ya 4 740 mln. manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu da 2011-ci ilə nisbətən 400 mln. manat və ya 9,2% çoxdur: "Sosial xərclərə əməyin ödənilməsi, təqaüdlərin və sosial müavinətlərin verilməsi, dərman və ərzaqla bağlı və s. xərclər aiddir. Ötən il iqtisadi fəaliyyətlə bağlı xərclər 2011-ci ilə nisbətən 56,7%, mənzil-kommunal təsərrüfat xərcləri 40,2%, nəqliyyat və rabitə xərcləri 38,7%, mədəniyyət, incəsənət və idman xərcləri 26,8%, səhiyyə xərcləri 23,5%, sosial müdafiə və sosial təminat xərcləri 18,3%, təhsil xərcləri 14,6% kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərcləri 5,3% artıb".
"Göründüyü kimi, strukturuna görə daha çox vəsait iqtisadi fəaliyyət xərclərinə yönəldilib. Bu da hökumətin qeyri-neft sektorunun daha sürətlə inkişafı üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlıdır", - deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB