"2013-cü ilin I rübü ərzində qiymətli kağızlar bazarı qeyri-neft sektorunun yüksək templi artımı və institusional, makroiqtisadi və struktur amillərinin davam etməsi fonunda fəaliyyət göstərib. Hesabat dövrü ərzində qiymətli kağızlar bazarının həcmi bütövlükdə 1,7 milyard manat təşkil edib ki, bu da ÜDM-in 12,9 faizini, qeyri-neft ÜDM-nin isə 25,2 faizini təşkil edir". SİA-nın xəbərinə görə, bu barədə Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin 2013-cü ilin I rübü üzrə fəaliyyət hesabatında deyilir.
Bildirilir k, dövr ərzində bazarın korporativ qiymətli kağızlar sektoru korporativ səhm və istiqrazların ilkin və təkrar bazarlarında canlanma tendensiyaları nəticəsində 65 faiz artaraq 146 milyon manat təşkil edib.
Səhm bazarının bütövlükdə həcmi 2,2 dəfə artaraq 92 milyon manat təşkil edib. Səhm bazarının yüksək artım tempi bazarın ilkin və təkrar seqmentlərində də bərabər şəkildə əks olunub. Belə ki, səhm bazarının ilkin bazarı hesabat dövrü ərzində 2,7 dəfə, təkrar bazarı isə 1,9 dəfə artıb.
2013-cü ildə Azərbaycan İpoteka Fondu(AİF) tərəfindən istiqraz yerləşdirilməsinin davam etməsi ilə yanaşı, özəl sektor təmsilçilərinin istiqraz vasitəsilə maliyyələşmə meyllərində fəallığı bütövlükdə korporativ borc bazarında əqdlərin sayına və həcminə müsbət təsir göstərib. Belə ki, rüb ərzində korporativ istiqrazlar bazarında əqdlərin sayı 50 faiz artmış, bazarın həcmi isə 17 faiz artaraq 54 milyon manat təşkil edib. AİF 2013-cü ilin yanvar ayından etibarən ötən ilin sonunda qeydiyyata alınmış 40 milyon manatlıq 6-cı istiqraz emissiyasının yerləşdirməsini davam etdirib. AİF-in istiqrazları bazarı hesabat dövrü ərzində 2,6 dəfə artaraq 29 milyon manat təşkil edib. Analoji yüksək artım ipoteka istiqrazlarının ilkin və təkrar bazar seqmentlərində də müşahidə olunub. İpoteka istiqrazlarının ilkin bazarı 2,2 dəfə, təkrar bazarı isə 3 dəfə artıb.
Hesabat dövründə özəl sektor təmsilçilərinin istiqraz vasitəsilə maliyyələşmə meyllərində də artım müşahidə olunub. Belə ki, özəl şirkətlər tərəfindən yerləşdirilən istiqrazların məbləği 9 faiz artaraq 18,5 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Mərkəzi Bank tərəfindən aşağı inflyasiya şəraitində yumşaq, stimullaşdırıcı pul siyasətinin aparılması ilə yanaşı Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları buraxılışının həyata keçirilməməsi dövlət qiymətli kağızlar bazarının 42 faiz geriləyərək 1,5 milyard manat təşkil etməsi ilə nəticələnib. Belə ki, cari ilin ilk rübü ərzində Mərkəzi Bankın notları bazarı 45 faiz geriləyərək 163,8 milyon manat təşkil edib. Mərkəzi Bankın notlarının təklifinin azalmasına baxmayaraq, notların təkrar bazarında yüksək artım tempi müşahidə olunub. Belə ki, Mərkəzi Bankın notlarının təkrar bazarı hesabat dövrü ərzində 10,8 dəfə artaraq 43,9 milyon manat təşkil edib.
2013-cü ilin ilk üç ayı ərzində Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının buraxılışı həyata keçirilməyib. Buna baxmayaraq, banklararası qısamüddətli kredit bazarının canlanması ilə dövlət istiqrazları ilə keçirilən repo/əks-repo əməliyyatlarının həcmi 22,4 dəfə artaraq 11,2 milyon manat təşkil edib.
Hesabat dövründə lisenziya müddətinin bitməsi ilə əlaqədar 3 broker və 2 diler fəaliyyəti üzrə lisenziya yenilənib, peşəkar fəaliyyətlə məşğul olan şəxslərə isə 4 fəaliyyət üzrə 8 ixtisas şəhadətnaməsi verilib. 2013-cü ilin I rübünün nəticələrinə əsasən peşəkar fəaliyyətlə məşğul olmaq üçün 34 lisenziya qüvvədə olub
2013-cü ilin ilk üç ayı ərzində səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında münasibətlərin tənzimlənməsi tədbirləri davam etdirilib. Hesabat dövründə QKDK-ya 333 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 94 şikayət ərizəsi və 9 müraciət daxil olub.
Aparılan araşdırmalar nəticəsində səhmdar cəmiyyətlərinin 60-nın fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunub və həmin səhmdar cəmiyyətlərinə qarşı 2050 manat məbləğində inzibati cərimələr tətbiq edilib. 12 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilən qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB