Azərbaycan-Çin biznes forumu keçirilib

Azərbaycan-Çin biznes forumu keçirilib

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, emal, logistika, turizm, daşınmaz əmlak və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib. Qonaqları salamlayan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Çin arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, indiyədək iki ölkə arasında 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Çin əlaqələrinin genişlənməsində indiyədək 4 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır. Ölkələrimiz arasında iqtisadi əlaqələr barədə məlumat verən nazir müavini Niyazi Səfərov ticarət əlaqələrinin iki ölkə arasındakı əməkdaşlığın əsas stiqamətlərindən olduğunu, 2012-ci ildə əvvəlki illə müqayisədə ticarət dövriyyəsinin artdığını qeyd edib. Hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. İş adamların iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün ölkələrimiz arasında mövcud əlaqələrin genişlənməsində, yeni əməkdaşlıq imkanlarının yaranmasında faydalı olacağını bildirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (SSPİT) sədr müavini Zhanq Vey isə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Çin iqtisadiyyatı barədə məlumat verib. Zhanq Vey hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Honq Jiuyin çıxışında ölkələrimiz arasındakı inkişaf edən əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. Rüfət Məmmədov Çin iş adamlarını fəal əməkdaşlığa dəvət edərək, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyini bildirib. Biznes forum çərçivəsində AZPROMO ilə Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə