DGK-nin sədri CEIBC-nin üzvlərilə görüşüb

DGK-nin sədri CEIBC-nin üzvlərilə görüşüb

Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dövlət gömrük komitəsinin əməkdaşları, Moldova Respublikasının Azərbaycandakı rəsmi və səlahiyyətli səfiri İqor Bodiun, Kluba daxil olan bir sıra xarici şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə Aydın Əliyev Dövlət Gömrük Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, son bir neçə il ərzində Azərbaycanın gömrük sahəsi 2007-2011-ci illəri əhatə edən Dövlət gömrük orqanlarının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində sürətlə inkişaf edib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.

Komitə sədri gömrük sahəsində tətbiq olunan "Vahid pəncərə" sistemi barəsə məlumat verib və qeyd edib ki, bu sistem dünyada artıq bir model kimi qəbul olunub: "Hazırda Asiya İnkişaf Bankı dünyanın bir sıra ölkələrinə Azərbaycanda tətbiq olunan "Vahid pəncərə" sistemindən istifadə etməyi məsləhət görürü. Bank hətta bu sistemin istifadəsi üçün ölkələrə maliyyə vəsaiti ayırmağa hazır olduğunu da açıqlayıb".

Ölkədəki bütün 7 sərhəd keçid məntəqəsinin yenidən qurularaq istifadəyə verildiyini deyən Aydın Əliyev əlavə edib ki, bütün məntəqələr müasir tipli avadanlıqlarla tam təchiz olunub: "Gömrük sahəsində kadr potensialının artırılması ilə əlaqədar olaraq yaxın gələcəkdə Komitə Azərbaycanda Gömrük Akademiyasının və tələbə şəhərciyinin tikintisinə hazırlaşır".

Görüş daha sonra mətbuata qapalı olaraq davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə