"Azərikimya"nın fəaliyyəti ilə maraqlanılıb

"Azərikimya"nın fəaliyyəti ilə maraqlanılıb

Almaniyanın "McKinsey & Company" şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib. SİA-ya verilən məlumata görə, görüş zamanı ilkin olaraq olaraq qonaqlara ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin strukturu, istehsalat fəaliyyəti və perspektiv inkişaf planları, o cümlədən Sumqayıtda inşasına başlanılan, çoxşaxəli və unikal istehsalat sahələrinə malik olacaq Kimya Sənaye Parkı və Karbamid (azot gübrəsi) zavodu haqqında geniş məlumat verilib.

Görüşdə Qaradağda inşa edilməkdə olan Yeni neft-qaz və neft-kimya Kompleksinin (NQNK) iqtisadi səmərəliliyinin artırılması, Türkiyənin PETKİM şirkəti və STAR layihəsi ilə inteqrasiya imkanlarının, habelə maliyyə, satış bazarı, kommersiya risklərinin araşdırılması və digər məsələlərlə bağlı təkliflərin hazırlanmasında iştirak etməli olan Almaniya şirkəti nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib. ARDNŞ-in neft-kimya bazarlarında cari vəziyyəti və prioritetləri, dünyanın neft-kimya bazarlarında Azərbaycanın bugünkü mövqeyi və gələcəkdə xüsusi çəkisinin artırılması, regionda neft emalı və neft kimya bazarlarında "Azərikimya" məhsullarına tələbatın gözlənilən həcmi, onların dünya bazarlarına səmərəli çıxışı ilə bağlı logistika planları və digər məsələlər də müzakirə mövzusu olub.

Avropa, Asiya, o cümlədən Türkiyə və MDB ölkələri kimi ixrac bazarlarında Yeni neft-qaz və neft-kimya Kompleksi məhsullarının rəqabətliliyinin təmin olunması məsələsi də diqqətlə araşdırılmış, müvafiq təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə