"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndirmə fəaliyyətində ciddi dəyişikliklərin edilməsini vacib sayır. Bura qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması, onların fəaliyyətinin sığortalanması və qiymətləndiricilər şurasının yaradılması aiddir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı deyib.
O bildirib ki, Azərbaycanda 1998-ci ildə qəbul edilmiş "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun müasir dövrün tələblərinə cavab vermir: "Rusiyada bu qanun Azərbaycandan 8 ay sonra qəbul olunub. Amma buna baxmayaraq qonşu ölkədə bu qanuna 14 dəfə əsaslı dəyişikliklər edilib. Bizdə bu qanun qəbulundan 15 il keçir. Bu müddət ərzində tələb və təkliflərin dəyişilməsinə baxmayaraq, qanunda heç bir dəyişiklik edilməyib".
Onun sözlərinə görə, yaranmış vəziyyət qiymətləndirmə fəaliyyətində müxtəlif problemlərə səbəb olmaqla yanaşı, əmlakın düzgün qiymətləndirilməməsi, əmlak vergisinin də düzgün hesablanıb tutulmasına mane olur və büdcə gəlirlərinə təsir edir.
X.Kazımlı vurğulayıb ki, vəziyyəti dəyişmək üçün AQC tərəfindən bu qanun yeni versiyası hazırlanıb və Milli Məclisin komitələrində bir neçə dəfə müzakirə olunub. Ümidvarıq, bu sənəd parlamentin növbəti sessiyalarında müzakirəyə çıxarılıb qəbul olunacaq. Qanun layihəsindəki əsas yeniliklər qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması, qiymətləndiricilərin fəaliyyətinin sığortalanması və qiymətləndiricilər şurasının yaradılmasıdır. Layihədə qiymətləndiricilərin imtahan verərək sertfitkart alaması və müxtəlif sahələr üzrə ixtisaslaşdırılması nəzərdə tutulur: "Məsələn təbii sərvətlər, daşınan və daşınmaz əmlak, zinət əşyaları və.s üzrə qiymətləndiricilər ayrıca olmalıdır".
O həmçinin vurğulayıb ki, layihədə qiymətləndiricilərin fəaliyyətinin sığortalanması və bunun üçün AQC üzvlərinin iştirakı ilə xüsusi fondun yaradılması da nəzərdə tutulub. Bu mexanizm qiymətləndirilmənin düzgün aparılmadığı təqdirdə ortaya çıxan problemlərin aradan qaldırılmasına imkan verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB