2012-ci ildə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyonu keçib. SİA-nın xəbərinə görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 7 illiyi ilə bağlı məlumatda qeyd olunub. Ümumilikdə, 2006-cı ildən Azərbaycana gələn əcnəbilərin sayı 60 %-dək artıb.
2011-2012-ci illərdə respublikada yeni hotellər (o cümlədən Bakıda dünya brendli beş beşulduzlu hotel), istirahət mərkəzləri, turizm müəssisələri istifadəyə verilib. Hazırda respublikada müvafiq lisenziya ilə 218 turizm şirkəti, 253 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
2012-ci ildə 57 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 77 hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
Son 7 ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turizmin müxtəlif növlərinin inkişafı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində işlər görülüb. Prezidentin sərəncamı ilə 2011-ci ilin "Turizm ili" elan edilməsi turizmin inkişafında yeni mərhələ açıb. Daxili turizmin inkişafı ilə bağlı yeni marşrutlar tərtib edilir. Belə ki, 2012-ci ildə "Azərbaycanda palçıq vulkanları", Şəki rayonunda atçılıq turizmi, Quba rayonuna "Kulinariya turu" marşrutları üzrə infoturlar təşkil edilib. "Kulinariya turu"nun digər bölgələrdə də yaradılması planlaşdırılır.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB