Oktyabrın 29-da Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. SİA-nın xəbərinə görə, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, məzarı üzərinə çiçək dəstələri düzüblər.
Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib. Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb.
Görüşdə Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, tikinti, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini, qeyri-neft sektorunun inkişafının ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu, görülən genişmiqyaslı işlərin ölkəmizin iqtisadi imkanlarını daha da artırdığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini qeyd edib. Ölkədə yaradılmış əlverişli biznes və investisiya mühitinin nəticəsidir ki, indiyədək Azərbaycan iqtisadiyyatına 130 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da təqribən yarısını xarici investisiyalar təşkil edir.
Nazir Şahin Mustafayev Azərbaycan-Rusiya siyasi-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulanıb, ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi bazasının yaradıldığını, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu qeyd edib. Azərbaycan-Rusiya əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Qeyd edilib ki, 2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınmışdır. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə podratçı qismində də iştirak edirlər. Son 10 ildə Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 563 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Hazırda Azərbaycan şirkətləri Rusiyada uğurla fəaliyyət göstərirlər. 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 47% artıb.
Azərbaycan və Rusiya Federasiyasının regionları arasında da iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran İqtisadi İnkişaf naziri Şahin Mustafayev hazırda ölkəmizin Rusiyanın 71 regionu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli olacaq.
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzov çıxışında ölkəmizə səfərindən və Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə edib, mövcud imkanlardan səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Rusiya Federasiyası, eləcə də Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Qaraçay-Çərkəz Respublikasının İqtisadi İnkişaf naziri Eldar Tlyabiçev Rusiya Federasiyasının təmsil etdiyi regionunun investisiya imkanları barədə təqdimatlarla çıxış ediblər.
Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib. Nümayəndə heyəti həmçinin, İçərişəhər və Dövlət Bayrağı Meydanı ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB