Azərbaycan 67-ci yerdə qərarlaşıb

Hesabatda Azərbaycan 67-ci yerdə qərarlaşıb. SİA-nın verdiyi xəbərə görə, bu gün Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business 2013" hesabatı açıqlanıb.

Hesabatda 185 ölkə arasında 67-ci yerdə qərarlaşmış Azərbaycan bir sıra göstəricilər üzrə yenə də qabaqcıl ölkələr sırasında olub. Belə ki, keçənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdursa, bu ilki hesabatda belə ölkələrin sayı 118-dir. Bu ilki hesabatda "müəssisənin yaradılması" göstəricisi üzrə Azərbaycan 18-ci, "əmlakın qeydiyyatı" üzrə 9-cu yerdə qərarlaşıb. Hesabatda "əmlakın qeydiyyatı" göstərici üzrə Azərbaycan ilk onluğa daxil edilmiş və bu sahədə Böyük Britaniya, Malaziya və Yeni Zelandiya kimi qabaqcıl ölkələrlə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. "İnvestorların maraqlarının qorunması" göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırmış və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olub.

"Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma müddətinə görə, Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunub. "Vergilərin ödənişi" göstəricisi üzrə Azərbaycan öz mövqeyini köklü surətdə yaxşılaşdırararq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilib. "Doing Business 2013" hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq, bir çox ölkələri geridə qoyub.

Görülən işlər və həyata keçirilməkdə olan tədbirlər ölkəmizin Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" hesabatında, eləcə də digər nüfuzlu təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmağa, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradacaq. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliyinin təzahürüdür.

Qeyd edək ki, dünyanın nüfuzlu "Doing Business" hesabatı 2004-cü ildən başlayaraq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanır və hesabatda biznes mühiti üzrə ölkələrin göstəriciləri qiymətləndirilir. 2004-cü il üzrə hesabat 5 (biznesə başlama, işə qəbul və işdən azad etmə, müqavilələrin icrasının təmin edilməsi, kreditlərin alınması, biznesin bağlanması) göstəricini əhatə edirdisə, 2005-ci il üzrə hesabata 2 göstərici (əmlakın qeydiyyatı və investorların maraqlarının qorunması), 2006-cı il üzrə isə daha 3 göstərici (tikinti üçün icazələrin verilməsi, vergilərin ödənişi və gömrük rəsmiləşdirilməsi) əlavə edilib, 2012-ci ildən isə hesabata elektrik təchizatı şəbəkələrinə qoşulma göstəricisi daxil olunub. Bu göstəricilər dünya ölkələri üzrə biznes mühitinin təhlili və bu sahədə islahatların gedişinin qiymətləndirilməsi məqsədilə müqayisəli təhlil olunur. "Doing Business" hesabatlarına dair daha ətraflı məlumatı www.doingbusiness.org internet səhifəsindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə