Turizm imkanlarımız necədir?

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə Azərbaycan və Avstriyanın turizm imkanlarına həsr olunmuş "Dostluq Konfransı" keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə hər iki ölkə tərəfindən rəsmi şəxslərlə yanaşı, turizm, logistika, tikinti və memarlıq sahəsində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Konfransın keçirilməsində məqsəd hər iki ölkənin mövcud turizm imkanlarının təqdim olunması, bu sahədə perspektivli layihələrin və iş adamları arasında əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edilməsi olub.

Tədbirdə çıxış edən Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının sədri Peter Şieder iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib, Avstriya və Azərbaycanın geniş turizm imkanlarına malik olduğunu və bu potensialdan səmərəli istifadənin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Cənab Peter Şieder turizmin inkişafında təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb, Azərbaycanın qonaqpərvərliyini xüsusi vurğulayıb.

Konfransda Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək Azərbaycanın zəngin turizm imkanlarına malik olduğunu, bu sahənin inkişafına böyük diqqət yetirildiyini, dövlət başçısı tərəfindən 2011-ci ilin "Turizm ili" elan olunduğunu vurğulayıb, ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi, regionlarda və Bakıda yeni, müasir standartlara cavab verən mehmanxanaların istifadəyə verilməsinin və bu kimi digər tədbirlərin Azərbaycanın turizm ölkəsinə çevrilməsində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra çıxış edən Avstriyanın Azərbaycandakı səfiri Silviya Meyer-Kajbik Azərbaycan-Avstriya əməkdaşlığı, o cümlədən turizm sahəsində əlaqələr barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda aparılan uğurlu siyasətin nəticəsi olaraq, iqtisadiyyatın bütün sahələrinin, o cümlədən turizm sektorunun inkişafını vurğulayıb.

Tədbirdə Azərbaycan və Avstriyanın turizm imkanlarına dair filmlər nümayiş olunub.

Konfrans çərçivəsində keçirilən sessiyalarda hər iki ölkənin turizm imkanları, bu sahədə həyata keçirilən layihələr, Avstriyanın turizm sahəsindəki təcrübəsi, idman və mədəniyyət tədbirlərinin turizm sektorunun təbliğindəki rolu, turizm sahəsində kadrların hazırlanması barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə