Son günlər unun və un məmulatlarının qiyməti 20 faiz artıb. Bunu çörək istehsalçılarının məlumatı əsasında hesablamağa çalışsaq, əvvəlki 500-600 qramlıq məhsulun 30 qəpiyə satılması fonunda indi çəkiyə daha 200 qram əlavə edilib və 10 qəpiklik bir artım həyata keçirilib. SİA-nın məlumatına görə, bunu millət vəkili Zahid Oruc çörəyin qiyməti ilə bağlı məsələni şərh edərkən belə deyib.
Onun sözlərinə görə, bu mütənasiblik çox az bir vaxt keçəndən sonra təbii ki, alıcıların ziyanına dəyişəcək: "Yəni, çəki əvvəlki göstəriciyə qayıdacaq, qiymətsə belə qalacaq. Çünki ortada iqtisadi əsaslar müvcuddur və artıq Kənd Təsərrüfatı Nazirliyi dünyada taxılın istehsalının azalması və qiymətinin artması fikrini irəli sürüb. Deməli, inzibati qərarla və yumruqla istehsalçıların, həmçinin dəyirman və satıcıların üzərinə yerimək əbəsdir. Bu sahənin köklü problemləri ötən dövr ərzində dövlət siyasətinin əsas hədəfində olub və ərzaq təhlükəsizliyi proqramları, taxılçılığın stimullaşdırılması üçün sahələrin yaradılması, böyük subsidiyaların və fondun nəticəsində daxili şərait dəyişib. Lakin indi ÜDM-də kənd təsərrüfatının payı ilə bağlı rəqəmləri bura daşıyaraq qeydlərimi ağır iqtisadi mövzuya çevirmək istəmirəm".
Millət vəkili kənd təsərrüfatı üzrə səlahiyyətli nazirliyin son məlumatlarına diqqət yönəldərək bildirib ki, bu ilin məhsul yığımına dair statistika belədir: "Sentyabrın 1-nə Azərbaycanda 993,2 min hektar dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) sahəsi (99,7%-i) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 616,2 min ton və ya ötən ildəkindən 13,7% çox taxıl toplanıb. Hektarın orta məhsuldarlığı 24,7 sentnerdən 26,3 sentnerədək yüksəlib. Digər dənli bitkilərdən bəhs etmirik. Deməli, 1 milyon hektar sahənin Azərbaycan insanının taxıl ehtiyacını ödəməyə gücü çatmır. Əmək qabiliyyətli əhalinin 42 faizinin yaratdığı məhsuldarlıq heç bir Avropa ölkəsilə müqayisə oluna bilmir. Nəzərə alaq ki, yuxarıdakı 2.7 milyon tondan təxminən 1.7 milyon ton ərzaq buğdası alınır. Bu xalqın illik ehtiyacı isə 3 milyon tondan bir az çoxdur. Elə isə xaricdən asılılıq fonunda bazar kənar təsirlərə həssas reaksiya verəcəkdir. Bu millətin qida rasionu başqalarından fərqlidir. Min illərdi ki, bu belədir. Gündəlik qidalanmanın 15 faizini çörək təşkil etdiyi halda menyüdə paylanma hər kəsin imkanlarına görə fərqli dəyişir".
Z.Oruc hətta Azərbaycanı dünya ölkələri ilə belə müqayisə edib: "Gəlin görək, dünyanın ən çox çörək yeyən milləti hansıdır? Məsələn, ruslarda adam başına bir aylıq göstərici 10 kq-dır. Avropa xalqlarında bu rəqəm daha da kiçikdir. Bu artıq onların süfrə mədəniyyətiin, həyat və sağlamlıq fəlsəfəsinin əsasına çevrilib. Bizdə isti iqlim qurşağı və günəşdən aldığımız zərbələri çörəklə dəf edirik. Hələ də klinik analizlər aparılsa ki,yapışqanlıq tərkibinə və orqanizmdə doğurduğu digər ziyanlara görə çörəyin optimal istifadəsinə ehtiyac var, lakin bu düstur şərq xalqlarında işləmir. Vətəndaşımızın həyatı birbaşa çörəyin qiyməti ilə müəyyənləşir. Bu təkcə sosial məsələ deyil. Çörəyin qiymətində taxıl, istehsal avadanlıqları, əmək qüvvəsi,gəlir əmsalı,daşınma və satış müəssisəsinin faydası mühüm amillərdir. O cümlədən aparıcı sortlar, əkin, qulluq, biçin və saxlamaya dair elmi müəssisələrin yüz illik təcrübələri mövcuddur. Lakin nə qədər ki, bu ölkənin yararlı torpaqlarının 1 milyon hektarı Hollandiyadakı məhsuldarlıqdan 2.2 dəfə aşağ olacaq, onda belə Kənd Təsərrüfatı Nazirliyini Bakıda - paytaxtda saxlamağın heç bir adı yoxdur. Azərbaycan kəndinə yönələn siyasəti həyata keçirməli olan bir qurumun ayağı torpaqda olmasa, onların haram statistikası dəyişməyəcək. Aparıcı innovasiyalara və dəqiq strategiyaya malik olan bir nazirlik 500 min hektar halında bu millətin taxıla olan ehtiyacını təmin edərdi. Çörək həmişə şirin olacaq, nə qədər acı yollarla əldə olunsa da.Hər gün ekranlardan bizə bu əziz nemətin başına açılan cinayətlər göstərilir və həm də çörək haqqı millətdə dinin və İmanın haqqından üstün tutulur. Paradoksdur, deyilmi? İnsan həyat uğrunda savaşını elə həmişə çörək qazanmaq kimi qələmə verir. Həyatın qiyməti çörəkdən asılıdır .Çörəyində dəyəri yüksək, qiyməti aşağı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB