“Hədəf ölkənin iqtisadi inkişafıdır” MÜSAHİBƏ

Aydın Hüseynov: "Ölkə iqtisadiyyatının artımı Azərbaycan vətəndaşının rifah halının yüksəlməsi deməkdir"
“Hədəf ölkənin iqtisadi inkişafıdır” MÜSAHİBƏ

YAP Siyasi Şurasının üzvü, Qaradağ Rayon Təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun Səs TV-yə müsahibəsi

- Aydın müəllim, bildiyimiz kimi, oktyabrın 10-da ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin 9 ayına həsr olunan iclas keçirildi. İclasda cənab prezident cari ilin 9 ayın iqtisadi göstəricilərinə də toxundu və fikirlərini bildirdi. İqtisadiyyatımızın hazırkı inkişafı barədə bir iqtisadçı kimi nə deyə bilərsiniz?

- Ümumilikdə bu müşavirədə cənab prezidentin həm giriş nitqi, eyni zamanda bütün çıxışı iqtisadiyyatımız artan templə getdiyini bir daha sübut edir. Bütün makro-iqtisadi göstəricilərdə artma meylləri müşahidə olunur. Konkret olaraq iqtisadiyyatımız 9 ay ərzində 1,1 faiz artıb. Bir neçə statistik rəqəmlərə nəzər salaq. Valyuta ehtiyatlarımız 5 milyard artıb, ölkəyə 16 milyard həcmində investisiya qoyulub. Bugünkü orta aylıq əmək haqqı MDB məkanına daxil olan respublikalarla müqayisədə öncül yerlərdən birini tutur. Orta əmək haqqı 500 dollar, orta pensiyanın həcmi 190 dollar təşkil edir. 9 ay ərzində 94 minə qədər iş yeri açılıb ki, bundan 83 mini daimi iş yeridir. Bu statistik rəqəmləri mən nə üçün sadaladım? Ümumiyyətlə, ölkədə aparılan iqtisadi siyasət, iqtisadi strategiya çox düzgündür. Eyni zamanda hədəf nədən ibarətdir? Hədəf ölkənin inkişafı və bu inkişaf fonunda da insanların, Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin, rifah halının yüksəlməsidir. Biz əvvəlcə statistik rəqəmlərə nəzər saldıq ki, ölkə iqtisadiyyatında artım var və bu artım investisiyalara, insanların, vətəndaşların əmək haqlarının yüksəlməsinə yönəlib. Aparılan iqtisadi siyasətin ən başlıca göstəriciləri, ən başlıca nailiyyəti inflyasiyanın qarşısının alınmasıdır. İnflyasiya baş vermirsə iqtisadiyyatda artım ola bilər, ümumi daxili məhsul, pul gəlirləri artar. Ancaq bunun müqabilində inflyasiya o artımı üstələyə bilər. Gördüyünüz kimi bizdə inflyasiyanın həcmi 1,5 faizdir. Əhalinin pul gəlirlərində artım isə 12 faiz təşkil edir. Deməli əhalinin pul gəlirləri ilə inflyasiya arasındakı fərqdə 10,5 faiz artım var. Yəni gəlir inflyasiyadan dəfələrlə yüksəkdir. Bu isə iqtisadiyyatda əsas hədəflərdən biridir. Ölkəmizdə inflyasiya yox deyil və birrəqəmlidir ki, bu da normal bir hədd sayılır. Gördüyünüz kimi ölkəmizdəki inflyasiya bir rəqəmli olmaqla yanaşı, həm də ən aşağı həddədir. Yəni 1,1 faiz təşkil edir. Ölkədə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq, ölkə iqtisadiyyatının bütün makro göstəricilərində artma meylləri var. İqtisadiyyatımızı neft və qaz faktorunun asılılığının azaldılması ən başlıca hədəflərdən, məqsədlərdən biridir və buna da demək olar ki, nail olunub. Təkcə qeyri-neft sənayesində 7,7 faiz artım qeyd olunub. Bu isə onu göstərir ki, qeyri-neft sektorunda daha mükəmməl, əsaslandırılmış şəkildə işlər aparılır və ümumilikdə götürdükdə statistik rəqəmlər də deyilənləri təsdiqləyir.

- Azərbaycanın iqtisadiyyatına cari ilin 9 ay ərzində qoyulan sərmayələrin əsas hissəsi daxili investisiyalardır. Təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların payına düşür. Ölkə prezidentinin də vurğuladığı kimi bu balans ən optimaldır. Bunu dövlətin uğurlu investisiya siyasəti kimi dəyərləndirmək olarmı?

- Çox uğurlu bir investisiya siyasətidir. Ölkə iqtisadiyyatına 16 milyard dollar həcmində investisiya qoyulub və 16 milyard vəsaitin 70 faizi Azərbaycanın payına düşür. Yerdə qalan 30 faizi isə xarici investorların qoyduqları vəsaitlərdir. Siz də bilirsiniz ki, artıq Azərbaycan ölkədən kənarda da investisiya qoyuluşlarını həyata keçirir. Yəni bu məntiqlə biz yanaşsaq, ölkədəki investisiya qoyuluşunun yüz faizini də həyata keçirmək mümkündür. Ancaq xarici investorların ölkəmizə cəlb olunması və onların da investisiya qoyuluşunda iştirak etməsi həm ölkəmizə olan marağı artırır, eyni zamanda həmin investisiya yatıran ölkələrlə iqtisadi əlaqələri genişləndirir və dünya iqtisadiyyatına inteqrasiya etməsini şərtləndirən faktlardan da, arqumentlərdən də biri odur ki, ölkəmizə investisiya qoyulur. Bu özlüyündə ölkədəki sabitliyin göstəricisidir və respublikaya inamın göstəricisidir. Yəni o investorları qane edən həm siyasi, həm iqtisadi tərəflər ölkəmizdə ödənilir deyə, o öz investisiya qoyuluşunu burada həyata keçirir. Belə düşünürəm ki, investisiya qoyuluşu baxımından ölkəmizdə aparılan bu iqtisadi siyasət ən uğurlu bir iqtisadi siyasətdir.

- Xarici investorlardan söz düşmüşkən, ölkə prezidenti eyni zamanda çıxışında bp şirkətinə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməməsi ilə bağlı öz kəskin iradını bildirdi. Buna sizin münasibətiniz necədir?

- Birinci növbədə neft Azərbaycan xalqının milli sərvətidir. Bu milli sərvətin məhz Azərbaycan xalqına məxsusluğu strategiyası ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilib. Heydər Əliyevin neft strategiyasının həyata keçməsində, uğur qazanmasında İlham Əliyev şəxsiyyətinin də böyük rolu olub. Yəni cənab prezidentimiz o dövrdə neft şirkətində çalışarkən bu uğurlu neft strategiyasının həyata keçməsində müstəsna xidmətləri olub. Ölkə prezidenti neft sənayesinə, eləcə də neft strategiyasına dərindən bələd olan bir şəxsdir. Burada birinci diqqəti çəkən hansı məqamdır? Ölkə prezidenti bizim milli sərvətlərimizin xalqa məxsus olması və uğurlarla yanaşı, bu gün bizi qane etməyən cəhətləri də müşavirədə səsləndirilməsi bir daha onu göstərir ki, milli sərvətlərimizə çox böyük, hədsiz dərəcədə həssas yanaşma var. Əlbəttə, neft bizim milli sərvətimizdir və bu konsersiumda iştirak edən tərəfdaşlar, xüsusilə bp şirkəti operator rolunu həyata keçirir. bp şirkəti tərəfindən verilən vədlərin yerinə yetirilməməsi son nəticədə 8 milyard dolların itirilməsinə gətirib çıxardı və cənab prezident çox düzgün şəkildə təhlilləri apararaq ortaya bir məsələni qoydu ki, əgər bu "Azəri" və "Çıraq" yataqlarından hasil olunan qaz və neftin o zaman proqnozdan aşağı göstəricilər əldə olunar ki, o yataqlardakı təbii ehtiyatlar, resurslar öz pik nöqtəsinə çatmış olsun və pik həddinə çatdıqdan sonra isə burda hasilatın azalması təbii bir prosesdir. Lakin burda o pik həddinə çatmayıb. İllərlə 3 milyon ton, 2 milyon ton həcmindəki o dinamika var, illərlə bu tərzdə verilən proqnozların yerinə yetirilməməsi son dərəcədə qeyd etdiyim kimi 8 milyard vəsaitin itirilməsi deməkdir. Prezidentimiz bir daha neft strategiyasının həyata keçməsində əldə olunan gəlirlərin şəffaflığının təmin olunmasının bariz nümunəsini ortaya qoydu. Sözsüz bu məsələ ilə də barışılmır. Bununla da bağlı müəyyən addımların atılması üçün tapşırıqlar Dövlət Neft Şirkətinə həvalə edilib. Buna tam əminəm ki, məsələ öz həllini tapacaq.

- Keçən rübdə dünyanın ən mötəbər iqtisadi forumlarından Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyə ilə bağlı cədvəl dərc edib və Azərbaycan bu siyahıda 46-cı yerdədir. 2012-ci il artıq başa çatmaq üzrədir və bizim kifayət qədər uğurlarımız var. Bəs, 2013-cü ildə Azərbaycanı hansı iqtisadi uğurlar gözləyir?

- Qeyd etdiniz ki, Azərbaycan dünya ölkələri arasında 46-cı, MDB ölkələri arasında isə birinci yerdədir. Bu onu göstərir ki, bir il ərzində əgər biz 9 pillə irəliləmişiksə, bu çox böyük bir iqtisadi nailiyyətdir. Biz statistikaya müraciət etsək və eyni zamanda adi bir Azərbaycan vətəndaşı olaraq ətrafa bir nəzər salsaq ölkə iqtisadiyyatının artımını özümüz əyani şəkildə görərik. Bütün həyata keçirilən bu uğurlu iqtisadi strategiya, əldə olunanlar, elmə, metodologiyaya söykənən nəticələr və illərdir sınaqdan keçirilən uğurlu addımların nəticələri bizdə əminlik yaradır ki, 2013-cü ildə də bütün bu makro-iqtisadi göstəricilər artım tempi ilə müşayiət olunacaq. Bir daha qeyd edirəm ki, ölkə iqtisadiyyatının artımı Azərbaycan vətəndaşının rifah halının yüksəlməsi deməkdir.

Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə