ECOBank-a üzv olacağıq

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına (ECOBank) üzv olmaq niyyətini bildirib, bu ilin əvvəlində ECOBank-ın Rəhbərlər Şurasının toplantısında Azərbaycanın Banka üzvlük müraciəti qəbul edilib.

İqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına üzv olması ilə əlaqədar Bankın Nizamnaməsi imzalanıb. Sənədi Azərbaycan tərəfdən İqtisadi İnkişaf naziri Şahin Mustafayev imzalayıb.

ECOBank-la əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycan Respublikası da daxil olmaqla 10 üzvü var. İqtisadi Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış qurumu olan Ticarət və İnkişaf Bankı (ECOBank) 2008-ci ildə fəaliyyətə başlayıb. Türkiyə, İran, Pakistan Bankın üzvləridir. Qərargahı İstanbulda yerləşən ECOBank-ın İran və Pakistanda da nümayəndəlikləri fəaliyyət göstərir. Bu yaxınlarda Əfqanıstan da ECOBank-a üzv olmaq üçün Bankın Nizamnaməsinin imzalayıb.

Nüfuzlu beynəlxalq maliyyə institutu olan ECOBank-ın nizamnamə kapitalı 1,5 mlrd. dollardan artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə