Vergi qanunvericiliyində dəyişiklik olub

Vergi qanunvericiliyində dəyişiklik olub

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 29 iyun 2012-ci il tarixli AR Qanunu ilə Vergi Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilib. Qanun Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilib.

Bu dəyişikliklərə əsasən vergi orqanları tərəfindən kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, onları siyahıya almaq və məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarına aid edilib.

Vergi Məcəlləsinə edilən digər dəyişikliklərə əsasən kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti formaları sırasına daxil edilib.

Bundan başqa "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu"na edilən əlavələrə əsasən dərman vasitələrinin, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması tələb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə