"Artıq Azərbaycan investisiyaya ehtiyacı olan ölkə deyil" MÜSAHİBƏ
İqtisadçı ekspert Vüqar Bayramovun SİA-ya müsahibəsi:
- Azərbaycan- Türkiyə Yüksək Strateji Əməkdaşlıq Şurasının Toplantısı hansı üstünlüklərinə görə gələcəkdə yüksək perspektivləri ilə müşahidə olunacaq?
- Azərbaycan- Türkiyə Yüksək Strateji Əməkdaşlıq Şurasının Toplantısını iqtisadi baxımdan deyil, eyni zamanda strateji baxımdan qiymətləndirmək lazımdır. Toplantıda əldə edilən razılaşmada imzalanan sənədlər məhz Azərbaycan- Türkiyə münasibətlərinin inkişaf prioritetlərini göstərirdi. Bu da həm Azərbaycan, həm də Türkiyə üçün kifayət qədər strateji əhəmiyyət daşıyır. Görüşdə müzakirə olunan layihələrdə ən önəmlisi TANAP layihəsi idi. Bu layihə təbii ki, Azərbaycan və Türkiyə arasında qaz əməkdaşlığını nəzərdə tutur. Praktiki olaraq da Azərbaycan qazı olmadan Türkiyə TANAP layihəsi ilə mavi qazı nəql etmək mümkün deyil. Buna görə də Türkiyənin mavi qaza olan tələbatının ödənilməsində rolu birmənalı şəkildə əvəzsizdir. TANAP layihəsi dünyada böyük səs salıb və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərib bu böyük layihəyə start verdi. Azərbaycan ilə Türkiyə arasında ən böyük anlaşma məhz enerji sektoru ilə bağlıdır. Enerji sektorunda anlaşma Azərbaycan üçün həm strateji, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Azərbaycan bununla öz mavi qazını artıq dünya bazarlarındakı qiymətlərə uyğun olaraq Türkiyə bazarlarına çıxartmaq imkanına malikdir. Bununla yanaşı, toplantıda 2015-ci ilədək Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin 5 milyard dollara qədər artırılması məsələləri müzakirə olundu. Artıq məsələ ilə bağlı ilkin danışıqlar aparılır. Təbii ki, bu kifayət qədər böyük rəqəmdir. Bu dövriyyənin növbəti 3 ildə təmin edilməsi ondan xəbər verir ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi təxminən iki dəfəyə yaxın artacaq. Bu da öz növbəsində həm Azərbaycanın Türkiyədə, həm də Türkiyənin Azərbaycandakı investisiya həcminin artmasına gətirib çıxaracaq. Artıq Azərbaycan investisiyaya ehtiyacı olan ölkə deyil. Ölkəmiz investisiya yerləşdirən ölkə kimi çıxış edir.
- Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi hansı müsbət dəyişikliklərə səbəb olacaq?
-Azərbaycanla Türkiyə arasında viza rejiminin aradan qaldırılması və yumşaldılması məsələləri uzun müddət idi ki, müzakirə olunurdu. İki ölkə arasında viza rejiminin ləğv olunması bu dövlətlərin strateji baxımdan müttəfiq olmasından da irəli gəlirdi. Bu baxımdan müttəfiq olduqları üçün viza rejimini sadələşdirilməsi və növbəti mərhələdə bütövlükdə vizanın aradan qaldırılmasına ehtiyac var. Türkiyəlilər MDB istisna olunmaqla Azərbaycana gələn yeganə ölkə vətəndaşları idi ki, onlar hava limanında viza almaq hüququna malik idi. MDB istisna olunmaqla digər ölkə vətəndaşları isə Azərbaycana gəlməmişdən öncə viza almalıdırlar. Bu eyni zamanda Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin genişləndirilməsinə səbəb olur. Çünki vizasız rejim investorların daha asan hərəkət etməsi deməkdir. Yəni investorlar daha asanlıqla bir ölkədən digərinə getmək imkanı qazanır. Bu baxımdan vizasız rejimin tətbiq edilməsi birmənalı şəkildə Azərbaycana gələn və gələcək türkiyəli iş adamlarının sayının artmasına səbəb olacaq.
- Azərbaycan TÜRKSAT-dan ayrılır və orbitə öz peykini buraxacaq. Bunun əhəmiyyəti nədən ibarət olacaq?
- Bu Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Çünki Azərbaycan praktiki olaraq öz orbitinə malik olacaq. Bu da təbii ki, Azərbaycana informasiya texnologiyasının inkişaf etdirilməsi baxımından imkanlar verir. Eyni zamanda, informasiya texnologiyası, eləcə də məlumatların yayılması sahəsində kifayət qədər müstəqil addımlar atmaqda imkanlar yaradır. Yəni bu, Azərbaycan tərəfinə informasiya müstəqilliyi üçün strateji qərardır.
- Ticarət dövriyyəsi yüksək templərlə artır. Bu tempi saxlaya bilsək, yaxın gələcəkdə ticarət dövriyyəsinin daha da böyük rəqəmlərlə ölçüləcək. Bu tempi saxlamaq üçün hansı addımları atmaq lazımdır?
- Həmin dinamikanın saxlanması indiki halda daha çox Azərbaycanın töhfəsi hesabına baş verir. Təbii ki, əvvəlki illərdə Azərbaycanın Türkiyə idxalının həcmi daha çox idi. Bu gün Türkiyənin investisiya qoyuluşlarının payının müəyyən qədər azalmasını nisbi olaraq müşahidə edirik. Azərbaycan və xarici ticarətin 65 %-i Avropa Birliyinin payına düşür. Türkiyə Azərbaycanın xarici tərəfdaşları arasında ilk üçlüyə daxil olub. Sözsüz ki, bu tendensiyanı saxlamaq mümkün olacaqsa, indi imzalanan qərarların və müqavilənin böyük bir qismi növbəti illərdə daha çox töhfəsini verəcək. İki ölkə arasında vizasız rejimin ləğv edilməsi birmənalı şəkildə ticarət dövriyyəsinin, investisiya qoyuluşlarının həcminin artmasına səbəb olacaq. Enerji və digər sektorlardakı anlaşmalar isə iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsinə səbəb olacaq. Bununla yanaşı, 2014- cü ildən başlayaraq Azərbaycan və Türkiyə arasındakı ticarət, eləcə də iqtisadi dövriyyənin kifayət qədər sürətlə artacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB