"Azəriqaz" sərbəstləşən işçilərini yerləşdirilməsi prosesinə start verib

"Azəriqaz" sərbəstləşən işçilərini yerləşdirilməsi prosesinə start verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin əmri ilə Şirkətin tabeçiliyində olan idarə və müəssisələrin strukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində Kompleks Qazma İşləri" Tresti üzrə xərclərin optimallaşdırılmasını təmin etmək məqsədi ilə "Xəzər" Dəniz Kəşfiyyat Qazma İdarəsi" bölünməklə yenidən təşkil edilib, onun xidmət sahərinin bir hissəsi "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin, bir hissəsi isə "Sahil" Qazma İşləri İdarəsinin tərkibinə verilib.

Eyni zamanda Trestin "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi qazma sexi kimi Abşeron Qazma İşləri İdarəsinin tərkibinə verilib. Təbii ki, görülən tədbirlər yenidən təşkil olunan struktur vahidlərində iş həcmlərinin azalması, fəaliyyətdə olan qazma qurğularının mənəvi və fiziki cəhətdən köhnəlməsi, günün tələbləri səviyyəsində işləyə bilməməsi ilə bağlıdır. ARDNŞ qazma proseslərinin məhsuldarlıq və səmərəlilik əmsalını yüksəltmək məqsədi ilə yeni nəsil qazma qurğularının alınıb istismar edilməsi istiqamətində fəal iş aparır, köhnə qurğular balansdan çıxarılır. Artıq 2 yeni qurğu alınmış, onlara xidmət göstərəcək personalın ixtisaslarının artırılması üçün müvafiq tədbirlər görülmüşdür. Daha 2 qurğunun bu yaxınlarda alınıb istismara veriləcəyi gözlənilir.

İş həcmlərinin azalması "Kompleks Qazma İşləri Tresti"nin qeyd olunan idarələrinin yenidən təşkil edilməsinə və müəyyən qədər işçinin sərbəstləşməsinə səbəb olub. Bu amillər nəzərə alınaraq "Kompleks Qazma İşləri Tresti"nə və ARDNŞ-nin Baş ofisinin İnsan Resursları Departamentinə tapşırılıb ki, aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin istər həmin Trestin tərkibində yeni işə götürənlə əmək münasibətlərinin davam etdirilməsi imkanlarının araşdırılması, istərsə də Şirkətin digər müəssisə və təşkilatlarında yerləşdirilməsi istiqamətində operativ tədbirlər görülsün. Şirkətin mövqeyi bundan ibarətdir ki, sərbəstləşən işçilərin arasında ilk növbədə yüksək ixtisaslı mütəxəssislər və peşəkar fəhlə kadrları öz peşəsinə uyğun işlə təmin olunmalıdır. Eyni zamanda peşələri bunun üçün imkan verməyən sərbəstləşmiş işçilərin işlə təmin olunması məsələsi də həllini tapacaqdır. Bu məqsədlə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə sərbəstləşən işçilərin ixtisaslarının artırılması və yaxud onların yeni ixtisaslara yiyələnməsi üçün xüsusi tədris planının hazırlanması, həmin plana uyğun olaraq ARDNŞ-in idarə və müəssisələrində ehtiyac duyulan peşələr üzrə kursların keçirilməsi tapşırılıb.

Qeyd edək ki, iyun ayından ARDNŞ strukturlarına kənardan işə qəbul dayandırılıb. İndi şirkətin 900-dək vakant iş yeri mövcuddur və iyun ayının 13-dən sərbəstləşən işçilərin yerləşdirilməsi prosesi başlayıb.

"Azəriqaz" İstehsalat Birliyi iyunun 13-də sərbəstləşən işçilərini yerləşdirilməsi prosesinə start verib. Belə ki, burada hazırda 650-dək vakansiya mövcuddur. Dünən bu vakansiyaların doldurulması üçün "Azəriqaz" İB qəbul komissiyası növbəti müsabiqəsini keçirib.

Müsabiqədə komissiyanın sədr müavini, İB-in kadrlar şöbəsinin rəisi Narxanım Səmədova işçilərlə görüşündə bildirib ki, ARDNŞ rəhbərliyi üçün insan amili priortetdir. Ona görə də sərbəstləşmiş insanların yeni işlərlə təmi olunması bizim qarşımıza bir vəzifə kimi qoyulubdur. Bu gun biz burada sizləri bir-bir qəbul edərək İB-təpkibindəki strukturlarda yerləşdirməyə çalışacağıq. Əmin ola bilərsininz ki, sizlərə ixtisasınıza və peşə təcrübənizə uğün işlər veriləcəkdir.

Sonra komissiya üzvləri tərəfindən sərbəstləşmiş işçilərlə fərdi qaydada söhbətə başladılar. "Qobustan" qazma işləri trestindən sərbəstləşən Aidə Əlişova Zəngilan rayonundan məcburi köçkündür. Ona Nəsimi rayon qaz istismar sahəsində təklif olunan çilingər vəzifəsi ilə razılaşdı və buna görə o həm komissiya üzvlərinə, həm də ARDNŞ prezidentinə minnətdarlığını bildirdi. O dedi ki, bizim yeni işlə təmin olunmağımıza şərait yaratdığına görə, biz ARDNŞ rəhbərliyinə təşəkkürümüzü bildiririk. Yeni işimdən razıyam və çalışacağam ki, fəaliyyətimdə qüsurlara yol verməyim".

Digər bir işçi Alıyeva Lala da Xəzər Dəniz Kəşfiyyat Qazma idarəsindən sərbəstləşən işçilərdəndir. Komissiya üzvlərinin ona Səbail QİS-də çilingər vəzifəsini təqdim etməsi ürəyincə olub. L. Alıyeva deyib ki, əsas məsələ odur ki, işsiz qalmadıq. Buna görə komissiya üzvlərinə minnətdarlıq edən xanım xoş əhval-ruhiyyə ilə otağı tərk edib.

Komissiya üzvü, Xəzər Dəniz Kəşfiyyat İdarəsinin tikinti üzrə müavini Məzahir Abbasov bildirdi ki, bu insanların yeni işlərlə təmin olunması müqəddəs bir bayramda Ramazan ayında baş verir: "Bu isə ən böyük xeyirxahlıqdır. Buna görə buradakı işçilərin adından şirkət rəhbərliyinə böyük minnətdarlığımı bildirirəm".

Elman Məmmədov da Xəzər Dəniz Kəşfiyyat Qazma idarəsində çilingər işləyirdi. O deyir: "Burada komissiya üzvləri mənə Xəzər rayon QİS-də 5-ci dərəcəli çilingər vəzifəsini təklif etdilər. Razılaşdım. Bizi işsiz qoymadıqları üçün həm komissiya üzvlərinə, həm də ARDNŞ rəhbərliyinə minnətdaram".

Əhmədov Əmrah da Xəzər Dəniz Kəşfiyyatı Qazma idarəsində çilingər işləyirdi. Burada işçilərin sərbəstləşməsindən sonra işsiz qalmayacağına əmin idi. Ona komssiya üzvləri Səbail QİS-də çilingər vəzfəsi təkli etdiyində düşüncələrində yanılmadığını bildirib. O da razılıqla bu işi qəbul edib. Ümumiyyətlə, dünən komissiyadan keçən onlarla işçinin hamısı təklif olunan işləri razılıqla qarşılayıblar.

Bir məsələni də qeyd etmək lazımdır ki, sərbəstləşən işçilərin işə qəbulunda iki mühüm prinsip önə çəkilir. Burada ixtisası təklif olunan işə uyğun gələnlər dərhal işə götürülür, uyğun gəlməyənlər ixisasartırma kurslarına yönəldilir.

Bu isə bir daha onu göstərir ki, ARDNŞ prezidentinin əmri ilə Şirkətin tabeçiliyində olan idarə və müəssisələrin strukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində "Kompleks Qazma İşləri" Tresti üzrə xərclərin optimallaşdırılmasını təmin etmək məqsədi ilə həyata keçirilən işlər uğurla davam edir. Bu da o deməkdir ki, yaxın 1-2 ay ərzində "Kompleks Qazma İşləri" Trestinin idarələri üzrə sərbəstləşmiş ixtisaslı, peşəkar fəhlə kadrlarına yeni iş yerləri təklif olunması üçün real imkanlar mövcuddur.

Elçin Zaman

Bütün xəbərlər Facebook səhifəmizdə