Əmlak Məsələləri Dövlət Komitəsi 6 aya yekun vurub

Əmlak Məsələləri Dövlət Komitəsi 6 aya yekun vurub

Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2012-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib.


İclası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə əvvəlki illərdə olduğu kimi bu il də həyata keçirilən davamı tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində artım templəri və sosial-iqtisadi inkişaf müşahidə edilməkdədir.


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib.


Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət proseslərində, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində səmərəli nəticələrin əldə edilməsi, qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması, korrupsiya hallarının qarşısının alınması məsələlər diqqət mərkəzində saxlanılıb.


Həmçinin bildirilmişdir ki, ötən il dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir.


İclasda qeyd edilmişdir ki, 2012-ci ilin birinci yarısında ümumilikdə respublika üzrə kiçik özəlləşdirmə formasında 350-ə yaxın müəssisə və obyekt özəlləşdirilib. 2012-ci ilin yanvar-iyun aylarında 250-ə yaxin obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.


Dövlət müəssisələrinin çevrilməsi nəticəsində 5 səhmdar cəmiyyəti yaradılıb. Səhmlərin satışı üzrə keçirilmiş 25 pul və 1 ixtisaslaşdırılmış pul hərracında 20-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.


İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2012-ci ilin yanvar-iyun aylarında müqavilələr üzrə alıcılar tərəfindən 70 milyon manat məbləğində investisiya qoyulmuş, 300-ə yaxın yeni iş yeri yaradılıb.


"Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı 2012-ci ilin yanvar-iyun ayları ərzində müvafiq tədbirlər görülmüşdür.


İclasda bildirilib ki, hesabat dövründə 270-ə yaxın daşınmaz dövlət əmlakı hüquqi və fiziki şəxslərə icarəyə verilib. Əvvəllər bağlanıb və müqavilə müddəti başa çatmış 537 obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb. 2012-ci ilin yanvar-iyun aylarında 229 obyektin torpaq sahəsi icarəyə verilib.


Qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 2,4 mln. manat vəsaitin daxil olması təmin edilib.


2012-ci il 1 iyul vəziyyətinə 6384 hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 6491 filiallarının (Cəmi 12875) malik olduğu 140153 daşınmaz əmlakları barədə məlumatlar Registrdə qeydiyyata alınıb.


İclasda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Bakı şəhərində "Heydər Əliyev Mərkəzi"nin və müasir konsert kompleksinin tikintisi uğurla başa çatdırılıb.


Hesabat dövründə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Bakı və Gəncədə "Müəssisələrin müflisləşməsi və ləğv edilməsi vasitəsilə satışı üzrə Almaniya və digər Avropa ölkələrinin təcrübəsi" və "Dövlətin daşınmaz əmlakının idarə olunması" mövzularında seminarların təşkil edilib.


Hesabat müddəti ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclar və onların nəticələri, keçiriləcək investisiya müsabiqələrinin elanları, habelə komitənin fəaliyyəti ilə bağlı materiallar komitənin internet saytında yerləşdirilib və "Mülkiyyət" qəzetində dərc edilib.


Komitənin fəaliyyətində vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə açılmış 193 nömrəli qaynar xəttinə hesabat dövrü ərzində 64 vətəndaş müraciət edib. Qaynar xəttə daxil olan müraciətlər aidiyyəti üzrə araşdırılıb və vətəndaşlara operativ qaydada məlumatlar verilib.


"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası istiqamətində zəruri işlər yerinə yetirilib.


Elektron xidmətlərin tətbiqi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 may 2012-ci il tarixində beynəlxalq təşkilatların iştirakı ilə "Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı" mövzusunda ictimai təqdimat keçirilib.


Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflıqın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirilib.


Komitə sədri dövlət əmlakının səmərəli idarə edilməsi və qorunub saxlanıması, habelə zəbtolunma hallarının qarşısının alınması sahəsində həyata keçirilən işlərin daha da gücləndirilməsi, bu istiqamətdə bilavasitə yerlərdə ciddi nəzarət tədbirlərinin həyata keçirilməsi tapşırıqlarını verib.


Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu prosesdə əmək kollektivi üzvlərinin mənafelərinin qorunması, keçirilən hərraclarda vətəndaşların bərabərhüquqlu iştirakının təmin olunması və özəlləşdirmə prosesində şəffaflığın daha da artırılması ilə bağlı müvafiq göstərişlər verilib.


Komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə