Aydın Hüseynov: “Ölkədə aparılan iqtisadi siyasət düzgün həyata keçirilir” - MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Qaradağ rayonu təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi
- Ötən gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində bu ilin ilk altı ayına həsr olunan iclas keçirilib. İclasda prezident Azərbaycanda iqtisadi durumun daha da gücləndirilməsində əhalinin demoqrafik artımının da mühüm rol oynadığı vurğulayıb. Sizcə, gələcəkdə əhalinin demoqrafik artımı iqtisadi inkişafa təsir göstərə bilərmi?
- Öncə cənab Prezidentin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan yığıncağında səsləndirdiyi bəzi iqtisadi göstəricilərlə əlaqəli olan fikirlərini nəzərinizə çatdırmaq istərdim. Bu ilin ötən 6 ayı ərzində ümumi daxili məhsul 1,5 faiz artıb və ümumidaxili məhsulun tərkibində olan qeyri-neft sektoru 11,3 faiz və qeyri-neft sənayesi 8.3 faiz artıb. Ümumilikdə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 8 milyard 134 milyon manat təşkil edib. İnflyasiya 2,2 faiz olub, əhalinin pul gəlirləri isə 14 faiz artıb, investisiya qoyuluşu 3 ay ərzində 4,3 milyard manat təşkil edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ilin ilk yarısında ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafın təmin edilməsini özündə ehtiva edir. 2012-ci ilin ötən dövrü ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb. O cümlədən, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib. Bütün bu uğurlu göstəricilər ölkədə aparılan siyasətin çox doğru müəyyənləşdiyini və iqtisadi strategiyanın əsas məqsədinin Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yüksəldilməsinə, inkişafına şərait yaradır. Cənab prezidentimiz bu fikirləri əsas tutaraq dəfələrlə vurğulayıb ki, neft kapitalını insan kapitalına çeviririk. Ermənistanın bu gün mövcud olan iqtisadi vəziyyətini Azərbaycanın iqtisadi vəziyyəti ilə müqayisə etdikdə məlum olur ki, Ermənistanda iqtisadiyyat demək olar ki, iflasa uğrayıb. Azərbaycan respublikasının xarici borcu onun ümumdaxili məhsulunun 7 faizini təşkil edirsə, Ermənistanda bu rəqəm 60 faizdir. Ümumilikdə götürdükdə isə xarici borc ümumi daxili məhsulun 40 faizindən yuxarıdırsa, artıq bu hal iqtisadi tənəzzülün göstəricisidir. Bütün bunların nəticəsi isə odur ki, Ermənistanın milli valyutası hər gün bir az daha dəyərdən düşür. Ölkə iqtisadiyyatı və dövlət büdcəsi iflasa uğrayaraq xarici ianələrin hesabına formalaşır. Vətəndaşların sosial rifah halı təmin olunmadığından onların güzəranı aşağı səviyyəyə düşür və xarici ölkələrə miqrasiyası ildən-ilə artır. Azərbaycanda isə bu iqtisadi nailiyyətlərin fonunda əhalinin pul gəlirləri 12 faiz artaraq, birbaşa əhalinin sosial rifah halının müsbət istiqamətdə inkişafına və yaxşılaşmasına təsir edir. Bu gün ölkəmizə investisiya qoyuluşu və insanları dincəlməsi üçün infrastrukturların genişləndirilməsi, turizmin imkanlarını artması və kommunal xidmətlərin inkişafı insanların həyat fəaliyyətinin inkişafına təsir edən amillərdir. Bütün bu proseslər dövlət proqramlarının tərkib hissəsi olaraq ölkə vətəndaşlarının təbii artımına təsir edir. Eyni zamanda vətəndaşların öz ölkəsindən digər ölkələrə miqrasiyasının qarşısını alır və demoqrafik vəziyyətin müsbət tendensiyalarda davamına şərait yaradır.
- Azərbaycanla Ermənistan arasında olan böyük fərqlərdən biri də hərbi potensialımızın inkişafıdır. Sizcə, bu fərqlər arasındakı əsas mahiyyət nədən ibarətdir?
- Belə ki, baş verənlər iqtisadi vəziyyətlə əlaqəlidir. Bu baxımdan qeyd etməliyəm ki, Ermənistanın dövlət büdcəsi həcmində Azərbaycanın hərbi büdcəsi vardır. Dövlətimiz tərəfindən hərbiyə qoyulan ümumi vəsaitlər ordumuzun güclənməsinə xidmət edir. Artıq bu gün Azərbaycan ordusu tam püxtələşən, peşəkar bir ordudur. Ordumuzda çox ciddi nizam-intizamlı zabit heyətlərinin mövcud olması vətənpərvərlik hisslərinin güclü olmasının göstəricisidir. Azərbaycan ordusu bu gün öz vətənini müdafiə etmək və işğal olunan torpaqları azad etmək üçün hər an hazır vəziyyətdədir. Lakin Ermənistan ordusu məcburi şəkildə əsgərləri orduya cəlb edərək və işğal altında olan Dağlıq Qarabağa göndərir. Ümumilikdə Ermənistanın iqtisadi durumunun aşağı olması hərbi durumuna təsir edərək Ermənistan ordusunun vəziyyətini acınacaqlı edir. Ermənistanın məcburi şəkildə işğal olunan ərazilərə göndərdiyi əsgərlərin psixoloji vəziyyəti ilə, öz Vətəni ilə fəxr edən Azərbaycan əsgərlərinin psixoloji halı eyni ola bilməz. Bizim əsgərlərin psixoloji üstünlüyü ondan ibarətdir ki, ölkəmiz müasir texnikadan istifadə edə bilən kifayət qədər güclü olan hərbi orduya malikdir. Bu baxımdan ölkəmizin iqtisadi potensialının, vətənpərvərlik hisslərinin yüksək səviyyədə olması və ölkə vətəndaşlarının iqtisadi-siyasi vəziyyətin yüksəlməsi ordumuzun mənəvi, maddi və psixoloji bazasının formalaşmasına təsir edən amillərdəndir.
- Cənab prezident İlham Əliyev tədbirdə eyni zamanda bəzi siyasi qüvvələrin xüsusən də radikal müxalifət partiyalarının xəyanətkar mövqedə dayandığını vurğuladı. Sizcə, həmin xəyanətkar qüvvələrin arxasında dayanan maraqlar haradan qaynaqlanır?
- Əlbəttə, bizə də məlumdur ki, xəyanətkar mövqedə dayanaraq Azəbaycanın nüfuzlu bir dövlət olmasını istəməyən qüvvələr və onlara xidmət edən mərkəzlər əfsuslar olsun ki, bu gün də mövcuddur. Cənab prezidentimiz çox doğru şəkildə onların simasını açaraq bildirdi ki, onlar xəyanətkardırlar, Azərbaycanın yüksələrək qüdrətli olmasını və inkişafını istəməyən müəyyən xarici dairələrin əlaltılarına çevriliblər. Azərbaycan dövləti və dövlətimizin rəhbəri xalqla çox səmimi və qarşılıqlı anlaşma şəklində ölkə siyasətini qurub. Artıq ölkəmizdə həyata keçirilən islahatlar ölkə əhalisinin maraqlarına, siyasi və iqtisadi nüfuzunun artmasına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Bu ideyaları və amilləri qəbul etməyənlər hətta cəmiyyət tərəfindən belə qəbul olunmur.
- Cənab prezidentimiz cari ilin 6 ayının iqtisadi göstəricilərinə də toxundu, fikirlərini bildirdi. İqtisadiyyatımızın gələcək inkişafı barədə bir iqtisadçı kimi nə deyə bilərsiniz?
- Digər sahələrdən fərqli olaraq iqtisadiyyatın özü fundamental bir elmdir və digər elmləri özündə birləşdirir. Ən böyük fərqi isə iqtisadiyyatın labaratoriyasnın olmamasıdır. Yəni iqtisadiyyat bir sınaq meydanı ola bilməz. İqtisadiyyat sahəsində atılan addımlar olduqca böyük təcrübəyə, iqtisadi potensiala, proqnozlara və elmi metodologiyaya söykənməlidir. Buna əsasən isə qeyd etməliyəm ki, 1995-ci ildən bu günə kimi Azərbaycanın makro-iqtisadi göstəriciləri dinamik artımla gedir. İqtisadiyyatda atılan addımlar düşünülmüş formada həyata keçirsə uzun illər öz bəhrəsini verir. Ölkəmiz də bu gün dövlət büdcəsinin, ümumidaxili məhsulun həcmini artması və bütün makro-iqtisadi göstəricilərin sürətli inkişafı onun göstəricisidir ki, ölkədə aparılan iqtisadi strategiya çox böyük bir iqtisadi məntiqə, elmi metodologiyaya söykənir. Cənab prezidentimizin bir başa özünün rəhbərlik etdiyi bu iqtisadi siyasət artıq özünü doğruldaraq digər ölkələri cəlb edir. Bu gün Azərbaycandakı iqtisadi inkişaf unikal bir inkişaf olaraq digər ölkələrin ekspertləri tərəfindən öyrənilir. Bütün bunlar onun göstəricisidir ki, ölkəmizin iqtisadiyyatı təkcə bu gün deyil, uzun illər uğurlu şəkildə inkişaf edərək yüksək zirvələri fəth edəcək.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB