Bakıda Azərbaycan-Argentina biznes forumu keçirilib

Bakıda Azərbaycan-Argentina biznes forumu keçirilib

Rəsmi şəxslərdən və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçilərindən ibarət Argentinanın geniş tərkibli ticarət missiyası ölkəmizdə səfərdədir. Səfərin məqsədi Azərbaycan şirkətləri ilə işgüzar görüşlərin keçirilməsi, yerli sahibkarlarla əlaqələrin yaradılması və Azərbaycan bazarının öyrənilməsidir.


Iqtisadi Inkişaf Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Argentinanın xarici işlər naziri Hektor Timermanın rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, iqtisadi əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Görüşdə nazir Şahin Mustafayev ölkəmizin əlverişli coğrafi mövqeyə, böyük tranzit potensialına, zəruri infrastruktura malik olduğunu, Azərbaycanda möhkəm siyasi və makroiqtisadi sabitliyin hökm sürdüyünü vurğulayıb, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.


Görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, prioritet investisiya layihələri barədə məlumat mübadiləsinin aparılması, təhsil, turizm, ixracyönlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması sahəsində iki ölkə şırkətləri arasında əməkdaşlıq və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, biznes forum və sərgilərin təşkili, AZPROMO ilə Argentinanın aidiyyəti qurumu arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan-Argentina iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyəti qeyd edilib.


Argentinanın xarici işlər naziri Hektor Timerman çıxışında Argentina tisarət missiyasının Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük potensiala malik olduğunu vurğulayıb.


Həmin gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Argentinanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Argentina biznes forumu keçirilib. Tədbirdə Argentina tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, ərzaq, şərabçılıq, aqrokimya, neft, sənaye, İKT, inşaat, əczaçılıq, tekstil, xidmət və s. sahələrdə fəaliyyət göstərən 300-ə yaxın iş adamı iştirak edib. Azərbaycan tərəfi isə biznes forumda rəsmi şəxslər və analoji sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunub.


Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət, iqtisadi sahədə reallaşdırılan ardıcıl və məqsədyönlü islahatlar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri və yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun aparıcı ölkəsi, iqtisadi və mədəni mərkəzidir. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı xarici ölkələrin Azərbaycana marağını daha da artırıb. Bu baxımdan, Argentina nümayəndə heyətinin geniş tərkibdə Azərbaycana səfər etməsi təsadüfi deyildir. Bu gün Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır.


Nazir Şahin Mustafayev biznes forumda müzakirə edilən məsələlərin və iş adamları arasında ikitərəfli görüşlərin ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin daha da genişlənməsində əhəmiyyətini qeyd edib, iş adamlarını hər iki ölkədə birgə layihələr həyata keçirməyə dəvət edib.


Argentinanın xarici işlər naziri Hektor Timerman və Daxili Ticarət üzrə dövlət katibi Giyermo Moreno çıxışlarında geniştərkibli Argentina ticarət missiyasının Azərbaycana səfərinin məqsədi barədə məlumat verib, Argentinalı iş adamlarını Azərbaycanda yaradılmış biznes və investisiya mühitindən yararlanmaqla Azərbaycanlı tərəfdaşları ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.


AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva təqdimatında qurumun fəaliyyəti, eləcə də ölkəmizdə yaradılıb əlverişli biznes mühiti və investisiya imkanlarına dair məlumat verib.


Biznes forum çərçivəsində Argentina tərəfindən ölkə təqdimatı keçirilib. Tədbir iştirakçıları Argentina şirkətlərinin biznes forumda nümayiş olunan malları ilə tanış olublar. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.


Sabah - iyulun 4-də isə iş adamları arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə