Reklamla bağlı beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb- FOTO
Bu gün "Reklam mədəniyyəti – reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış" mövzusunda I Bakı Beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu konfrans \"Millidən qlobala, qlobaldan milliyə\" şüarı ilə təşkil olunub: \"Azərbaycanın son illərdə apardığı məqsədyönlü sosial inkişafın modelləşməsində reklam marketinq işinin mədəni dəyərlərə uyğun qurulması baxımından çox vacib bir tədbirdir. Reklam sahəsinin inkişafı müvafiq ölkənin iqtisadi, sosial, mədəni inkişafı ilə sıx bağlıdır. Azərbaycanın təbliğatı dünyada öz yerini tutub. Reklam məsələsində Azərbaycan öz təbliğatı ilə artıq sözünü deyib".
Nazir onu da vurğulayıb ki, Azərbaycan ilk dəfədir ki, qloballaşan dünyada tanınmış marketinq və reklam mütəxəssislərinin bir araya gəldiyi konfransa ev sahibliyi edir: \"İki gün davam edəcək konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, habelə mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi bir çox aktual məsələlər müzakirə ediləcək\".
Konfransın birinci günündə reklam və marketinqə dair məruzələr dinlənilib. Tədbirin ikinci günü isə bu mövzuda ustad dərsləri keçiriləcək. Tədbirdə azərbaycanlı alimlər və reklam mütəxəssisləri ilə yanaşı Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, CAR, İran, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan kimi bir çox xarici ölkələrin reklam sahəsində böyük təcrübəyə malik, görkəmli alim və mütəxəssislər iştirak ediblər.
Məlumat üçün bildirək ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Reklamçılar İttifaqının birgə təşkilatçılığı baş tutub.
Qeyd edək ki, iki gün davam edəcək konfransın sonunda yekun qətnaməsi qəbul olunacaq və iştirakçılara xüsusi diplomlar təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB