Qubad İbadoğlu: "Əmanətlərin qaytarılması üçün 480-500 milyon manat lazım olacaq"

Qubad İbadoğlu: "Əmanətlərin qaytarılması üçün 480-500 milyon manat lazım olacaq"

Prezidentin fərmanından əvvəl Azərbaycan Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanan 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişinə görə, ilk növbədə əmanətlər verilərkən ahıl və yaşlı vətəndaşlar nəzərə alınacaq. Bunu prezidentin bu gün imzaladığı fərmanı anspress-ə şərh edən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.


İqtisadçı düşünür ki, bu illər ərzində əmanət kitabçalarını itirən vətəndaşlar heç bir problemlə üzləşməyəcək: "Bu fərmanın qaydalarında göstərilib ki, kimlər əmanət kitabçalarını itiriblərsə və ya onların əmanət kitabçaları yoxdursa, onlar müvafiq banklara müraciət edəcək. Hər bir bankda bir komissiya yaradılacaq və həmin komissiya əmanətin kötüyü ilə bağlı tam məlumatı və əmanət kitabçasını əvəzləyən sənəd əldə edəcəklər. Həmin sənədə əsasən, onlar yenidən müraciət edərək öz əmanətlərini ala biləcəklər".


Q. İbadoğlu deyir ki, hətta bir əmanətçinin əmanət kitabçası yararsız hala düşübsə, yenə də heç bir problem olmayacaq. Hətta o vətəndaşların ki, əmanət kitabşasında rəqəmləri oxunmur, onlar da heç bir problemlə üzləşməyəcək.


İqtisadçı-ekspert deyir ki, dövlət büdcəsindən bunun üçün nə qədər vəsaitin ayrılması ilə bağlı hələlik dəqiq bir məlumat yoxdur: "Bizim apardığımız ilkin hesablamalara görə, bu gün ölkədə 1 milyon 986 min nəfər əmanətçi var. Bu da ümumlikdə 4.8 milyard rubl pul edir. Nəzərə alsaq ki, orta hesabla hər 100 min rubla 1 min manat vəsait veriləcək, bu halda demək olar ki, bütövlükdə SSRİ-dən qalan əmanətlərin tam qaytarılması üçün 480-500 milyon manat vəsait lazım olacaq".


Q. İbadoğlunun fikrincə, bunun üçün dövlət büdcəsindən təxminən bu qədər vəsait ayrılacaq: "Hesab edirəm ki, bu ilin və gələn ilin dövlət büdcələri ilə bu pulları qaytarmaq mümkündür. Bunun üçün mənbələr də var".

Bütün xəbərlər Facebook səhifəmizdə