Cənubi Koreyanın iş adamları Sumqayıt Kimya Sənaye Parkına maraq göstərirlər

Cənubi Koreyanın iş adamları Sumqayıt Kimya Sənaye Parkına maraq göstərirlər

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Cənubi Koreyanın KOTRA (Koreya Ticarət İnvestisiyalarının Təşviqi Agentliyi) və KOPIA (Koreya Sənaye Müəssisələri Birliyi) təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqlar Azərbaycan iqtisadiyyatının bütün sahələrində böyük irəliləyişin olduğunu məmnunluqla vurğulayıb, Cənubi Koreyalı iş adamlarının respublika iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-kimya sənayesinə investisiya qoyulmasına, yeni inşa ediləcək müəssisələrin müasir texnoloji avadanlıqla təminatına maraq göstərdiklərini, yeni obyekt və qurğuların tikintisində iştirak etmək istədiklərini bildiriblər.

Koreyalı iş adamları Sumqayıt Kimya Sənaye Parkına da xüsusi maraq göstəriblər. Bildirilib ki, inşa ediləcək yeni Parkın geniş ərazisində onlarla özəl şirkət və birgə müəssisələrin yaradılması nəzərdə tutulub. Bu isə kiçik və orta biznesin inkişafında, məhsul istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq.

Diqqətə çatdırılıb ki, Koreya şirkətləri həm investiysiya qoyuluşu, həm ekoloji layihələri, modern və unikal qurğuları, həm də mütəxəssisləri ilə Sumqayıt Kimya Sənaye Parkı layihəsində yaxından iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə